Şəhid ailələri üçün yaradılmış təsərrüfatlara baxış olub
Bakı, 12 yanvar, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yevlax rayonunda şəhid Yusifbəyli Yusif Sabir oğlunun və şəhid Məmmədov Yusif Vaqif oğlunun ailələri ilə görüşüb.
Nazir müavini şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. O, şəhid ailələrinin dəstək tədbirləri ilə əhatə olunmaları üçün genişmiqyaslı işlər aparıldığını diqqətə çatdırıb. Hər iki ailənin sosial vəziyyəti ilə tanış olan V.Nəsirli onların yaşayışlarının daim diqqətdə saxlanacağını bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dəstək tədbirləri çərçivəsində həmin şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında aktivlər verilməklə yeni yaradılmış təsərrüfatlara baxış olub.
Şəhid Y.Yusifbəylinin qardaşı Asif Yusifbəyli üçün qurulmuş broyler təsərrüfatı və şəhid Y.Məmmədovun atası Vaqif Məmmədov üçün yaradılmış parket və taxta döşəmə cilalanması sexi nəzərdən keçirilib.
Proqram iştirakçıları dövlətin bu dəstəyindən səmərəli şəkildə faydalanaraq, təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışacaqlarını bildiriblər. Onlar ailə təsərrüfatlarını qurmaq üçün göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.