Şəhid mayor Amid Heydərovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti, QHT sədrləri, şəhid ailələri, qazilər, universitetin tələbə və gənclər təşkilatlarınün nümayəndələri iştirak ediblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə öz çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi naminə keçirilən görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaqdan ibarət olduğunu bildirib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin və qəhrəman şəhidlərimizin təbliği sahəsində təhsil ocağında görülən işlər barədə məlumat verdi.
Vətən müharibəsi veteranları, şəhidin döyüş dostları - polkovnik leytenant Elvin Həsənov, mayor Kərim Məmmədhəsənov və başqaları qəhrəmanın döyüş yolunun gənc nəslin böyüməsində, hərbi-vətənpərvərlik tərbiyəsində oynadığı böyük roldan danışıblar.
Tədbirdə 2020-ci ilin payızında Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Amid Heydərovun döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, gənc xanəndə Yusif Cəfərbəylinin ifasında qəhrəmanlıq ruhlu musiqi kompozisiyası təqdim edilib.