Şəhid Səbuhi Əhmədovun xatirəsi yad edilib
Bakı, 1 may, AZƏRTAC
Aprelin 30-da "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi və "Vətənpərvərlər" Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhid Səbuhi Əhmədovun xatirəsinə həsr olunan tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu şəhid Səbuhi Əhmədovun ömür yolu barədə qısa məlumat verib.
Bildirilib ki, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni silahlı birləşmələrinə qarşı aparılan mübarizədə qəhrəmancasına şəhid olan Səbuhi Əhmədov Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Tədbir iştirakçıları Vətənin azadlığı uğrunda canından keçən qəhrəman oğulların xatirəsini daim əziz tutan xalqımıza və Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhid Səbuhi Əhmədovun xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.