“Şəhidlər ölməz, Vətən bölünməz” adlı videoçarxda şəhid Rəşad Sadıqovun ömür yoluna nəzər salınıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqovun doğum günü ilə əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda Rəşad Sadıqovun keçdiyi şərəfli ömür yoluna nəzər salınır.
Qeyd edilir ki, Rəşad Sadıqov 1978-ci il oktyabrın 11-də Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin mayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərində yaşamağa başlayıblar. 1992-1995-ci illərdə həmin şəhərdə Ə.Cavad adına 1 nömrəli tam orta məktəbdə oxuyub. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb.
Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib.
Bildirilib ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.