Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqına qarşı terror aktı həyata keçirmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar yanvarın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) keçirilmiş konfransda tariximizin bu qəhrəmanlıq səhifəsindən söz açılmışdır.
AQUPDK-nın sədri Hicran Hüseynova 20 yanvar faciəsini doğuran səbəblər və onun nəticələri barədə danışmışdır.
Qeyd olunmuşdur ki, Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 nəfər öldürülmüş, 800 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdir. Sovet ordusunun bakıda dinc əhaliyə qarşı həyata keçirdiyi terror əməliyyatları nəticəsində 200 ev dağıdılmış, silahsız insanlar, o cümlədən qadınlar, uşaqlar öldürülmüş və yaralanmışlar. Bu vəhşiliyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər xalqının səsinə səs verərək qırğından bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bu qanlı hadisəni törədən şəxsləri, şəxsən SSRİ-nin rəhbəri M.S.Qorbaçovu kəskin şəkildə tənqid etmişdir. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün ulu öndərin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışan Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədli sovet ordusu əsgərlərinin Bakıda törətdiyi faciənin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət olduğunu bildirmişdir.
Digər çıxış edənlər də 20 Yanvarın qan yaddaşımıza əbədi həkk olunduğunu, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışlar. Qeyd olunmuşdur ki, Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldılmış, Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilmişdir.