ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
İran Prezidenti Mahmud Əhmədinejad avqustun 22-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
İran dövlətinin başçısını və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran dövlətinin başçısı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Mahmud Əhmədinejad Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.