Səhiyyə Nazirliyi Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya təşkil edib
Bakı, 16 yanvar, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində yerli əhali arasında sağlam həyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə və maarifləndirmə aksiyalarının keçirilməsi davam etdirilir. Bu qəbildən olan növbəti aksiya yanvarın 16-da Füzuli rayonunda təşkil olunub. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyəti tərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eyni zamanda, maarifləndirici tədbirlər həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən səyyar tibbi aksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələr arasında reproduktiv sağlamlığın təmin edilməsi, bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərinin artırılmasıdır.
Aksiya çərçivəsində institutun həkimləri tərəfindən tibbi müayinələrlə yanaşı, yenidoğulmuşlara tibbi baxış keçirilib, analar və yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub. Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləri qiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti, yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxım mövzularında maarifləndirici təlimlər təşkil olunub. Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar və onların valideynləri iştirak ediblər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi xidmətlərlə əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu kimi səyyar tibbi aksiyaların keçirilməsi davam etdirilir.