“ŞƏKİ - QƏDİM SİVİLİZASİYALAR DİYARI” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti iyunun 27-də “Şəki - qədim sivilizasiyalar diyarı” mövzusunda birgə elmi-praktiki konfrans keçirmişlər. AZƏRTAC xəbər verir ki, konfransı açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov qədim dövlətçilik ənənələrinə, zəngin tarixə və mədəniyyətə malik olan Şəki şəhərində son vaxtlar beynəlxalq səviyyəli tədbirlərin, bayramların keçirilməsinin ənənə şəklini aldığını bildirmişdir. Məlumat vermişdir ki, iki gün davam edəcək “Şəki - qədim sivilizasiyalar diyarı” adlı tədbirdə AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən 29 xarici ölkə səfir və nümayəndə heyəti, elm və incəsənət adamları da iştirak edəcəklər. Bu tədbirin xalqımıza xas olan zəngin tarixi-mədəni irsi qoruyub saxlamaq, eyni zamanda bölgənin turizm potensialını geniş təbliğ etmək məqsədi daşıdığını bildirən icra başçısı elmi-praktiki konfransın keçirilməsinə göstərdiyi köməyə görə AMEA Tarix İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Konfransda “Tarixdə Şəkimiz” mövzusunda məruzə edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirmişdir ki, tariximiz, milli varlığımız, sərhədlərimiz o zaman qorunub saxlanılır ki, xalq öz tarixinə sahib çıxmış olsun. Tariximizi qoruyub saxlamaq, geniş təbliğ etmək məqsədi ilə AMEA Tarix İnstitutu bölgələrdə elmi konfranslar keçirməyə başlamışdır. İndiyədək Naxçıvanda, Lənkəran və Qubada keçirilən belə konfranslar tariximizi saxtalaşdırmaq istəyənlərə tutarlı cavab olmuşdur. Şəkidə keçirilən konfransın əhəmiyyətinə toxunan natiq demişdir: Şəki Azərbaycanın elə bir diyarıdır ki, bu şəhər Azərbaycan tarixinin formalaşmasında, dövlətçilik ənənələrinin, orta əsrlərə aid görünüşünün, memarlıq abidələrinin qorunub saxlanmasında mühüm rol oynamışdır. Ona görə də Şəki Azərbaycan üçün yalnız turizmin inkişafı baxımından deyil, bütövlükdə tariximizin qiymətləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Daha sonra konfransda akademik Nailə Vəlixanlının “Şəki ərəbdilli mənbələrdə”, tarix elmləri doktoru, professor Vaqif Piriyevin “Şəki XIII-XIV əsrlərdə”, tarix elmləri doktoru İradə Bağırovanın “XX əsrin əvvəllərində Şəkinin maarifpərvər ziyalıları”, tarixçi alimlər Solmaz Qaşqayın “Qədim Şəki”, Arzu Məmmədovanın “Şimal-Qərbi Azərbaycanın türk toponimləri”, Elvira Lətifovanın “Səfəvilərin Azərbaycan torpaqlarını birləşdirmək siyasəti və Şəki”, Nəsib Muxtarovun “Şəki bölgəsinin arxeoloji abidələri” və digər mövzularda məruzələri dinlənilmişdir.
Konfransın işində AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov iştirak etmişdir.
Tədbirin ikinci günü, iyunun 28-də tədbir iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyin sonuna aid olan qədim yaşayış məskəni - “Əbədi sükut dünyası” adlı labirintlə tanış olacaq, Kiş kəndindəki erkən orta əsrlərə aid qədim alban məbədinə baş çəkəcəklər. Tədbir daha sonra Şəki şəhərindəki “Yuxarıbaş” Dövlət Tarix Memarlıq Qoruğuna daxil olan Qala divarlarının ərazisində davam etdiriləcəkdir.
######
