ŞƏKİ MƏZUNLARINDAN 454 NƏFƏRİ ALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəhər Təhsil şöbəsinin müdiri Məmmədnuru Yusifovun məruzəsində 2003/2004-cü dərs ilində rayonun təhsil işçiləri tərəfindən İslahat proqramının tələblərinin yerinə yetirilməsi, təlim prosesində müasir texnologiyaların tətbiqi və digər məsələlər barədə ətraflı söhbət açılmış, qarşıda duran vəzifələrə toxunulmuşdur.
Məruzədə ali məktəblərə qəbul imtahanlarında Şəkinin ümumtəhsil məktəblərinin 454 nəfər məzununun yüksək bilik nümayiş etdirərək, tələbə adını qazanması, onlardan 12 nəfərinin isə 600-dən çox bal toplaması ötən dərs ili ərzində rayonun pedaqoji kollektivləri tərəfindən aparılan səmərəli işin və müəllimlərin gərgin əməyinin məntiqi nəticəsi kimi qiymətləndirilmişdir.
Məktəblərin yeni dərs ilinə hazırlıq vəziyyəti barədə məlumat verən natiq ümummilli liderimiz Heydər Əliyevin şəxsi göstərişi ilə Kiş kəndində inşa edilən 640 yerlik orta məktəb binasında, habelə Çay Qaraqoyunlu kənd məktəbində tikinti işlərinin əsasən başa çatdığını, Oxud kəndindəki yanmış məktəb binasında yüksək keyfiyyətli təmir-bərpa işləri aparılaraq istifadəyə verildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, yeni dərs ili ərəfəsində 33 min nəfərə yaxın şagirdin təhsil alacağı 101 ümumtəhsil məktəbinin hamısında büdcə vəsaiti hesabına və yerli bələdiyyə orqanlarının, iş adamlarının və valideynlərin yaxından köməyi ilə cari və ya əsaslı təmir işləri aparılmış, təhsil müəssisələri lazımi inventar və avadanlıqla təchiz edilmişdir.
Konfransda Şəhər İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədov çıxış edərək təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulamış, qəbul imtahanlarında 600-dən çox bal toplamış tələbələrə şəhər bələdiyyəsinin və təhsil şöbəsinin pul mükafatları və fəxri fərmanları təqdim olunmuşdur.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.