Şəkidə yaşayan azsaylı xalqların folklor və etnoqrafiyası ilə bağlı tədqiqatlar aparılıb
Bakı, 28 avqust, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzində bu ilin ötən dövrü ərzində rayon ərazisindəki azsaylı xalqların folklor və etnoqrafiyası ilə bağlı aparılan folklor toplama işləri və tədqiqatların nəticələrinə dair seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə mərkəzin Foklorşünaslıq və el sənətləri şöbəsi tərəfindən əldə olunan materiallar barədə slaydlar təqdim edilib. Kiçik elmi işçi Tural Adışirinov ərazidə yaşayan digər azsaylı xalqların folklorunun Azərbaycan folkloru ilə oxşar və fərqli cəhətləri barədə məlumat verib. Şöbənin digər əməkdaşı Namiq Abdurahmanov azsaylı xalqların mərasim və mövsüm folkloru, mətbəx mədəniyyəti və s. haqqında əldə edilən faktları iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, həmin mərasimlərin keçirilməsinə dair şöbənin əməkdaşları tərəfindən hazırlanan sənədli film təqdim olunub.
Seminarda Şəki Regional Elmi Mərkəzinin fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək Azərbaycanın tarixən tolerant və multikultural bir dövlət olduğunu bildirib, elmi mərkəzin azərbaycanlılarla yanaşı, bölgədə yaşayan azsaylı xalqların da folklorunu öyrənməkdə maraqlı olduğunu vurğulayıb, gənc tədqiqatçılara tövsiyələrini verib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.