Şəkili ustaların əl işi olan şəbəkə Vatikanın Ukraynadakı səfirliyinin binasını bəzəyəcək FOTO
Şəki, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidən olan tanınmış şəbəkə ustası Tofiq Rəsulovun övladları və şagirdləri ilə birgə hazırladığı böyük ölçülü şəbəkə nümunəsi tezliklə Vatikanın Ukraynadakı səfirliyinin binasının fasadını bəzəyəcək. Hündürlüyü 6 metr, eni 1,5 metr olan şəbəkənin hazırlanmasında 6 mindən çox taxta hissəsindən və rəngli şüşədən istifadə olunub.
AZƏRTAC-ın bölgə müxbiri şəkili sənətkarın emalatxanasında olub, yeni şəbəkə işinin özəllikləri ilə maraqlanıb. Tofiq ustanın sözlərinə görə, bu sifariş onlara Vatikan Dövləti tərəfindən verilib. Layihə üzərində bir ildir ki, iş gedir. Şəbəkənin hazırlanmasında milli ornamentlərdən, xüsusilə səkkiz və on iki guşəli, həmçinin nəbati və şəmsi naxışlardan geniş istifadə olunub. Şəbəkə ustası deyib: “Fəxr edirəm ki, bu gün şəbəkə sənəti yaşayır və inkişaf edir. Bu, Vatikanla bağlı ilk işimiz deyil. Hazırda Vatikandakı kilsələrdən birini hazırladığımız şəbəkə işləri bəzəyir. Ümumiyyətlə, hazırladığımız şəbəkə nümunələrinə İtaliya, Fransa, İngiltərə və digər Avropa ölkələrində, həmçinin ABŞ, Belarus və Gürcüstanda da rast gəlmək mümkündür. Sevinirəm ki, bu gün Azərbaycanın tanınmış şəbəkə ustası, atam Əşrəf Rəsulovun sənət ənənələrini övladlarımla birlikdə yaşadır və inkişaf etdirirəm. Bu layihənin ərsəyə gəlməsində usta Əşrəf məktəbinin şagirdlərinin çox böyük rolu olub. Bu gənclər artıq şəbəkə ustası səviyyəsində yetişiblər. Onlar xalqımızın bu qədim el sənətini qoruyur və yaşadırlar”.
Tofiq ustanın da qeyd etdiyi kimi, layihənin hazırlanmasında gənc sənətkarlar yaxından iştirak ediblər. Ustanın oğlu, gənc şəbəkə ustası İlqar Rəsulzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Şəbəkə sənətində daha bir yeniliyə imza atdıq. Vatikanın sifarişi və bizim layihəmiz əsasında belə bir sənət nümunəsi ərsəyə gəldi. Sevindirici haldır ki, dünyanın mədəniyyət mərkəzlərindən biri hesab olunan Vatikan məhz Azərbaycanın şəbəkə sənətinə belə maraq göstərir. Ukraynadakı səfirliyin binası üçün belə bir böyük ölçülü şəbəkə sifariş veriblər. Sevinirik ki, Azərbaycan, Şəki şəbəkəsi artıq dünyanı bəzəyir”.
Qeyd edək ki, Tofiq Rəsulov Azərbaycanın tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun oğludur. O, 40 ildən çoxdur bu qədim el sənəti ilə məşğul olur. Sənətkarın hazırladığı şəbəkə nümunələri dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Usta Şəki xanlarının sarayının, Şəkixanovların evinin, Gəncədə "Şah Abbas”, Bərdədə "İmamzadə” məscidlərinin bərpasında da yaxından iştirak edib. Hazırda onun övladları da şəbəkə sənətini böyük sevgi ilə yaşadırlar.