İQTİSADİYYAT
Səməd Bəşirli: Azərbaycan istilik effekti yaradan qazların emissiyasını 40 faizə çatdırıb
Bakı, 22 may, AZƏRTAC
2050-ci ilə qədər xalis "sıfır emissiya"ya çatmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjiyə, texnologiyaya və infrastruktura ildə 4-6 milyon ABŞ dolları vəsaitin cəlb edilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.
Azərbaycanın "Dayanıqlı İnkişaf Məqsədləri-2030" gündəliyinə qoşulduğunu qeyd edən nazir müavini deyib: “Ölkəmiz regionda ilk dəfə BMT-nin forumuna 3 könüllü milli hesabat təqdim edib. Həmin hesabatlar "yaşıl" artımı, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi ilə bağlı öhdəliyi özündə əks etdirir".
Səməd Bəşirli vurğulayıb ki, Azərbaycan Paris sazişinin milli səviyyədə müəyyən edilmiş töhfələr sənədinə əsasən, baza ili 1990-cı il olmaqla 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faiz azaltmağı hədəf kimi götürüb və artıq bu öhdəliyi 40 faizə çatdırıb. İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə aparmaq və bu istiqamətdə texnologiyalara keçid böyük məbləğdə vəsait tələb edir.
Nazir müavininin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi inteqrə edilmiş maliyyə çərçivəsində müştərək proqramın icrasına başlayıb. Bu proqram çərçivəsində investisiyaların ekosistemə müsbət təsirinin tədqiq edilməsi məqsədilə hesabatlar hazırlanıb, təqdim edilib. Dayanıqlı İnkişaf Məqsədlərinə investisiya cəlb edilməsi üçün İnvestisiya Xəritəsi layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi beynəlxalq və yerli investorlar üçün Azərbaycanda DİM-ə kapital yatıra biləcək yüksək potensiallı sahələri müəyyən etməkdir və bunun üçün tövsiyələr formalaşdırılıb.