Səmərqənddə Milli Qurtuluş Günü münasibətilə mərasim keçirilmişdir
Səmərqənd, 16 iyun (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin və Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu qədim şəhərdə Milli Qurtuluş Günü münasibətilə mərasim keçirmişdir.
Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin təmsilçiləri, elm və mədəniyyət xadimləri, şəhərdəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasimdə səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti haqqında danışmışdır.
Bildirmişdir ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkədə hakimiyyət böhranı yaranmış və Ermənistanın təcavüzü getdikcə güclənmişdir. Vurğulamışdır ki, xalqımızın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov ulu öndər Heydər Əliyevin diaspora qayğısından danışmış, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyasının Ümummilli Liderə məxsus olduğunu vurğulamışdır. Bildirmişdir ki, Ulu Öndərin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış və bu gün həmin qurum bu gün Diasporla iş üzrə Dövlət Komitəsi kimi müvafiq istiqamətdə məqsədyönlü iş aparır.
Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Adil Mirzəyev görülən işlər haqqında məlumat vermiş, birgə işin səmərəli olduğunu vurğulamışdır.
Sonra Milli Qurtuluş Günü münasibətilə böyük dostluq konserti olmuşdur.
AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, Novruzaxon Abbasova, Otadcon Axmedcanov və Xəlil Həsənov Azərbaycan, özbək və tacik dillərində mahnılar ifa etmişlər.
Sonra Samir Abbasov Otadcon Axmedcanov və Novruzaxon Abbasovaya AMM-nin fəxri fərmanlarını təqdim etmişdir.
Üç saat çəkən konsert alqışlarla qarşılanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd