SƏNAYE MUXTAR RESPUBLİKA İQTİSADİYYATININ LOKOMOTİVİDİR
Naxçıvan, 8 sentyabr (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün respublikamızda iqtisadi sahədə həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək, qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaq yolu ilə rəqabətədavamlı məhsul buraxan müəssisələrin, yeni iş yerlərinin yaradılmasına, nəticə etibarilə ölkənin qüdrətinin artırılmasına yönəldilmişdir. Reallaşdırılan islahatların mühüm istiqamətlərindən biri şaxələndirilmiş sənaye istehsalının daha da gücləndirilməsidir.
Qloballaşan dünya iqtisadiyyatının tələblərinə cavab verən, ixracyönümlü iqtisadiyyatın qurulması üçün sənayenin inkişaf etdirilməsi əsas şərtdir. Məhz bu baxımdan ötən 15 il ərzində muxtar respublikada sənaye sahəsində reallaşdırılan islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, yeni müəssisələrin yaradılması, elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsalının təşkilindən, dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksi üzrə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi, artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, bununla da sənayenin davamlı inkişafını təmin etməkdir. Bu müddətdə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir. Sənaye sektorunda isə aşağıdakı istiqamətlərdə reallaşdırılan tədbirlər xüsusilə səmərəli olmuşdur:
ilk növbədə muxtar respublikada sənayenin əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir;
dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin fəaliyyəti bərpa edilmişdir;
rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılması ciddi şəkildə təşviq olunmuşdur;
sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulması prosesi gücləndirilmişdir;
özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyəti müntəzəm əsasda dəstəklənmişdir:
sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulmuşdur;
satış problemlərinin həlli üçün sistemli tədbirlər görülmüş, yerli və xarici bazarlara çıxış imkanları maksimum sadələşdirilmişdir;
dövlət strukturlarının sənaye, xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarına olan tələbatının ödənilməsi prosesi üzrə dövlət sifarişləri, ilk növbədə, yerli sənaye mallarına yönəldilmişdir.
Sənaye sahəsində həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticəsidir ki, son 15 il ərzində muxtar respublikada 364 yeni sənaye müəssisəsi işə salınmışdır. Əgər 1996-cı ilin əvvəlinə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 2010-cu il avqustun 1-nə bu rəqəm 7,5 dəfə artaraq 420-yə çatmışdır.
Bu dövr ərzində potensial imkanlardan geniş istifadə edən sənaye müəssisələri istehsal prosesinin daha da dərinləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə müasir standartlara cavab verən maşın və avadanlıqlar, qurğular almış, bununla da əsas vəsaitlərini əhəmiyyətli dərəcədə artırmışlar.
Muxtar respublika iqtisadiyyatında daxili bazarın qorunması və istehlakçıların yerli məhsullarla təmin edilməsi istiqamətində aparılan islahatların uğurlu nəticəsidir ki, hazırda bölgədə 235 adda, o cümlədən mədənçıxarma sənayesi bölməsində 4, emal sənayesinin mühüm növ qida məhsullarının istehsalı bölməsində 72, toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı bölməsində 29, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı bölməsində 16, kağız və karton istehsalı, poliqrafiya fəaliyyəti ilə yazılmış məlumatların daşıyıcılara çoxaldılması bölməsində 12, kimya sənayesi, rezin və plastmas məmulatların istehsalı bölməsində 21, digər qeyri-metal mineral maddələrin istehsalı bölməsində 20, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı bölməsində 30, avtomobil, qoşqu və yarımqoşquların istehsalı və emal sənayesinin digər bölmələrində 27, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində isə 4 adda məhsul istehsal olunur.
Rəqabətədavamlı sənaye məhsulları istehsalının müntəzəm olaraq dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyətinin dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin geniş şəbəkəsinin təşkili və bu tip müəssisələrin ixrac potensialının artırılması muxtar respublikada sənaye sahəsində əsas strateji istiqamət kimi saxlanılır. Uzun illər davam edən blokada ilə əlaqədar fəaliyyətini dayandırmış sənaye müəssisələrinin 1995-ci ildən başlayaraq fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması yeni sənaye məhsullarının istehsalının təşkilinə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olmuşdur.
Muxtar respublikanın sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarətdir. Təkcə son 3 ildə sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün sahibkarlara 32 milyon 190 min manat məbləğində güzəştli kreditlər verilmişdir. 2009-cu ildə bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə 15 milyon 762 min manat kredit verilmişdir. Bu, 1995-ci ilin müvafiq göstəricisini 510 dəfə üstələyir.
Muxtar respublikada sənaye potensialının davamlı yüksəlişini və yerli məhsulların ixracına göstərilən xüsusi dövlət dəstəyini səciyyələndirən mühüm bir göstərici ondan ibarətdir ki, təkcə 2009-cu ildə daxili tələbatdan artıq istehsal olunmuş 62 milyon 220 min ABŞ dolları dəyərində, başqa sözlə, 2008-ci illə müqayisədə 2,9 dəfə çox sənaye məhsulu qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur.
Muxtar respublikada məşğulluq səviyyəsinin artırılması stimullaşdırılır, bundan ötrü institusional şərait daha da təkmilləşdirilir. Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər sənaye sahəsində yeni iş yerlərinin açılmasını xeyli sürətləndirmişdir. Son 15 il ərzində regionun sənaye müəssisələrində 10421 yeni iş yeri yaradılmışdır. Hazırda muxtar respublikanın sənaye müəssisələrində 11761 nəfər işçi çalışır. Bu, 1996-cı il yanvarın 1-nə olan göstəricidən 5,8 dəfə çoxdur.
Muxtar respublikada sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqının məbləği 250,1 manata çataraq 1995-ci ildəki müvafiq səviyyəni 25 dəfə üstələmişdir.
Sənayenin əsas sahələrindən biri olan elektroenergetikanın inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx surətdə bağlıdır. Azərbaycana rəhbərliyinin ilk dövründə ümummilli liderimiz Azərbaycanın enerji sisteminin Zaqafqaziyanın ən böyük enerji sisteminə çevrilməsi üçün gərgin fəaliyyət göstərmişdir. Əvvəllər Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə Zaqafqaziyanın vahid energetika sistemindən 220 kilovotluq Ararat-Babək, 110 kilovotluq Ararat-Şərur, Aqarak-Ordubad elektrik verilişi xətləri ilə və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. Mənfur qonşularımızın düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik enerjisi verilişi dayandırıldı, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 mvt gücündə elektrik enerjisi şəbəkələrə ötürüldü. Muxtar respublika əhalisinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilən müdrik siyasətçi Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər görüldü. Bu məqsədlə 1991-ci ilin dekabr ayında Türkiyə Respublikasındakı “Aralıq” elektrik yarımstansiyasından Naxçıvan Muxtar Respublikasındakı “Sədərək” elektrik yarımstansiyasına 31,5 kilovotluq elektrik verilişi xətti çəkildi və Sədərək rayonuna 3-4 mvt gücündə elektrik enerjisinin ötürülməsinə başlandı.
İran İslam Respublikasından elektrik enerjisi alınması üçün Araz Su Elektrik Stansiyasının ərazisində 132/110/10 kilovotluq 40 meqavoltamper gücündə “Araz” elektrik yarımstansiyasının tikilib quraşdırılması, 132 kilovotluq Araz-Araz elektrik verilişi xəttinin çəkilməsi və 1992-ci ilin dekabr ayının 3-də istismara verilməsi muxtar respublikaya qonşu dövlətdən 35 mvt gücündə elektrik enerjisi almağa imkan verdi. 1992-ci ilin dekabr ayının 20-də İran İslam Respublikasındakı “Culfa” elektrik yarımstansiyası ilə Naxçıvan Muxtar Respublikasındakı “Culfa” elektrik yarımstansiyasını əlaqələndirən 10 kilovotluq elektrik verilişi xəttinin istismara verilməsi Culfa rayonunun işlədicilərinə 6-7 mvt gücündə elektrik enerjisi ötürülməsinə şərait yaratdı. 1992-ci ilin dekabr ayının 4-də Türkiyə Respublikasından alınmış 4 ədəd dizel yanacağı ilə işləyən turbin qurğuları 220 kilovotluq “Babək” elektrik yarımstansiyasında quraşdırıldı. 1993-cü ilin may ayında Türkiyə Respublikasındakı “İğdır” elektrik yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına 87,5 km uzunluğunda 154 kilovotluq ikidövrəli elektrik verilişi xətinin çəkilişi başa çatdırıldı və Naxçıvana qardaş Türkiyə Respublikasından 50-60 mvt gücündə elektrik enerjisinin ötürülməsinə başlandı. Beləliklə, 1993-cü ilin ortalarında muxtar respublikaya İran İslam Respublikasından 42 mvt, Türkiyə Respublikasından isə 63 mvt gücündə elektrik enerjisi daxil olurdu ki, bu da yaşayış standartlarının normallaşmasında mühüm mərhələ idi.
Sonrakı illər ərzində də muxtar respublikaya daxil olan elektrik enerjisinin paylanmasını yaxşılaşdırmaq, elektrik enerjisi ötürülməsində texniki itkiləri azaltmaq, avadanlıqların artıq yüklənməsinin qarşısını almaq, enerji təchizatının etibarlılığını yüksəltmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 1999-cu ildə Naxçıvan şəhərində 35/10 kilovotluq yarımstansiyanın yerində 25 mvt güclü 110/10 kilovotluq “Koroğlu” elektrik yarımstansiyası tikilib quraşdırılmış, ikinci mərhələdə isə həmin yarımstansiyada 10 mva güclü ikinci transformator qoyulmuşdur. 35/10 kilovotluq yarımstansiyalarda artıq yüklənən transformatorlar daha güclüləri ilə əvəz edilmiş, yeni 35/10 kilovotluq, 35/6 kilovotluq, 10/0,4 kilovotluq yarımstansiyalar tikilib quraşdırılmış, müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilmişdir. 2002-ci ildən etibarən muxtar respublikaya daxil olan enerjinin artırılması, paylanmasının yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. Belə ki, İran İslam Respublikasından alınan elektrik enerjisinin miqdarını artırmaq üçün 132/110 kilovoltluq “Araz” elektrik yarımstansiyasında 150 mva güclü yeni transformatorun quraşdırılması və 9,5 km uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri həyata keçirildi ki, bu da daxil olan enerjinin gücünün 50 mvt artırılmasına şərait yaratdı. 2003-cü ildə Culfa şəhərində yeni 132/110 kilovoltluq 50 mva güclü “Culfa” elektrik yarımstansiyasının tikilib istismara verilməsi və 132 kilovoltluq, 3 km uzunluğunda Culfa-Culfa elektrik verilişi xəttinin çəkilməsi İran İslam Respublikasından alınan elektrik enerjisinin gücünün 120 mvt-a çatdırılması üçün texniki imkan yaratdı. 2004-cü ildə İran İslam Respublikasından alınan elektrik enerjisinin səmərəli paylanmasını təmin etmək məqsədi ilə Babək rayonunun ərazisində 16 mva güclü “Çeşməbasar” elektrik yarımstansiyası tikilib quraşdırılmış və şəbəkəyə qoşulmuşdur. 2005-ci ildə Türkiyə Respublikasından alınan elektrik enerjisinin səmərəli paylanmasını təmin etmək, enerji ötürülməsində texniki itkiləri azaltmaq, Şərur, Kəngərli, Sədərək, Babək rayonlarının enerji təchizatını əsaslı surətdə yaxşılaşdırmaq məqsədi ilə 150/110/35 kilovoltluq 80 mva güclü “Arpaçay” elektrik yarımstansiyası və 10 mva güclü “Sədərək” elektrik yarımstansiyası tikilib quraşdırılmış, 3 kilometr uzunluğunda ikidövrəli 154 kilovoltluq, 3 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş və 10 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri bərpa edilmişdir. Bu dövrdə Naxçıvan şəhərindəki “Koroğlu” elektrik yarımstansiyasında 10 mva güclü transformator 25 mva güclü transformatorla əvəz edilmişdir. 2006-cı ildə Kəngərli rayonunun mərkəzindən keçən 154 və 35 kilovoltluq elektrik verilişi xətlərinin başqa sahəyə köçürülməsi üçün 5 km uzunluğunda ikidövrəli 154 kilovoltluq və 5 km uzunluğunda 35 kilovoltluq elektrik verilişi xətti tikilib istismara verilmişdir. Şahbuz rayonunun bütün işlədicilərinin, həmçinin Babək rayonunun Cəhri, Nəzərabad, Kərimbəyli kəndlərində işlədicilərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədi ilə 110/35 kilovoltluq 50 mva güclü iki transformatorlu “Xalxal” elektrik yarımstansiyası tikilib quraşdırılmış və istismara verilmişdir. Yarımstansiyanı qidalandıran 15 km uzunluğunda elektrik verilişi xətti 110 kilovoltluq gərginlik pilləsinə keçirilmişdir.
“Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq 2006-cı ildə Naxçıvan Qaz Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilmişdir. Həmin Sərəncama uyğun olaraq 2006-cı ildə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Hazırda muxtar respublikada istehsal edilən elektrik enerjisinin 80 faizindən çoxu ən müasir avadanlıqlarla təchiz edilmiş, bir kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan yanacağın miqdarına görə Azərbaycan Respublikasının ən qabaqcıl elektrik stansiyalarından olan Naxçıvan Modul Elektrik Stansiyasının payına düşür.
2008-2009-cu illər ərzində muxtar respublikada elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu məqsədlə bütün kateqoriyalardan olan istehlakçıların istifadə etdikləri elektrik enerjisinin dəyərinin sayğac göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Muxtar respublikada vətəndaşların mənzillərində pulsuz olaraq müasir tipli elektron sayğaclar quraşdırılmış, mənzillərə giriş elektrik xətləri yeniləri ilə əvəz olunmuşdur. Enerji israfçılığının qarşısının alınması sahəsində aparılan səmərəli fəaliyyət, muxtar respublikanın yaşayış məntəqələrinə təbii qazın verilməsi, sayğaclaşmanın başa çatdırılması hesabına elektrik enerjisinin sərfi azalmış, onun dəyərinin ödənilməsi vəziyyəti normallaşmışdır. Müqayisə üçün qeyd etmək olar ki, 2006-cı ildə itki nəzərə alınmaqla istehlakçılara ötürülən 1003818 min kvt.saat elektrik enerjisinin dəyərinin 48,3 faizi, 2007-ci ildə 467684 min kvt.saat elektrik enerjisinin dəyərinin 68,6 faizi, 2008-ci ildə 309136 min kvt.saat elektrik enerjisinin dəyərinin 97,7 faizi ödənilmişdirsə, 2009-cu ildə istehlak olunmuş 304747 min kvt.saat elektrik enerjisi üzrə 101,4 faiz, 2010-cu ilin ötən altı ayı ərzində isə istehlak olunmuş 165525 min kvt.saat elektrik enerjisi üzrə 100,5 faiz səviyyəsində ödəniş aparılmışdır.
2010-cu ilin yanvar-iyul aylarında Naxçıvan şəhərində 110/35/10 kilovoltluq “Xalçaçılıq” elektrik yarımstansiyasında yenidən qurma işləri aparılmış, yarımstansiyada 110 və 35 kilovoltluq yağ açarları eleqaz açarları ilə əvəz olunmuşdur. Bundan əlavə, 12600 kva güclü 35/10 kilovoltluq yeni “Sənaye qovşağı” elektrik yarımstansiyası tikilib quraşdırılmışdır.
Muxtar respublikada yeni su elektrik stansiyasının tikilməsi sahəsində işlər davam etdirilir. Belə ki, Ordubad rayonu ərazisindəki Gilan çayı üzərində gücü 20 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kvt.saat olacaq “Biləv” Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Adıçəkilən rayon ərazisində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kvt.saat təşkil edən derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının layihəsinin texniki-iqtisadi cəhətdən əsaslandırılması işləri aparılır.
Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların təbii qazla təminatı həyata keçirilir. Hazırda muxtar respublikanın iqtisadiyyatı sürətlə inkişaf edir, yeni istehsal müəssisələri yaradılır. Təbii ki, bu inkişafın fonunda təbii qaza olan tələbat da artır. “Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)”na uyğun olaraq ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da ardıcıl və məqsədyönlu tədbirlər həyata keçirilir.
2005-ci ilin sonundan başlayaraq muxtar respublikamıza təbii qazın nəqlinin bərpası enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan yeni Naxçıvan Modul Elektrik Stansiyası istifadəyə verilmiş və ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyası təbii qazla iş rejiminə keçirilərək istismara başlanılmışdır. Bu istiqamətdə reallaşdırılan irimiqyaslı tədbirlər nəinki muxtar respublikamızın elektrik enerjisi ilə təhcizatında idxaldan asılılığı aradan qaldırdı, hətta elektrik enerjisinin ixracına başlanılmasına imkan yaratdı.
Muxtar respublikada təbii qazın nəqlinin bərpa edilməsi ilə əlaqədar olaraq qaz kəmərlərinin tikintisi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, təbii qaz infrastrukturu bərpa olunmuşdur. Belə ki, ötən dövr ərzində Culfa-Naxçıvan yüksəktəzyiqli magistral, Naxçıvan-Cəhri ortatəzyiqli magistral, Naxçıvan şəhər ortatəzyiqli dairəvi qaz kəmərlərinin çəkilişi işləri başa çatdırılmış, Araz çayından keçid və keçiddən ölçü qovşağına qədər olan magistral xəttin, Şahbuz-Sədərək və Culfa-Ordubad ötürücü qaz kəmərlərinin təmiri və bərpası işləri tamamlanmışdır.
“Naxçıvan”, “Culfa”, “Güznüt” avtomat qazpaylayıcı stansiyalarının, laboratoriya və ölçü qovşağının tikintisi işləri başa çatdırılmış, Naxçıvan şəhərində qaz təsərrüfatı infrastrukturu üzrə dairəvi qaz kəməri polad borulardan, qaz-paylayıcı şəbəkə isə polietilen borulardan istifadə edilməklə quraşdırılmışdır. Muxtar respublikada əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, 1 avqust 2010-cu il tarixə 77 min 579 mənzil qazlaşdırılmış, pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz sayğacları quraşdırılmışdır.
Bu gün beynəlxalq, siyasi və iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə demokratikləşməsi iqtisadi fəaliyyətin bütün sahələri üzrə ölkələrin inteqrasiyası proseslərini xeyli sürətləndirmiş, ictimai və iqtisadi həyatımızın qloballaşmaya uyğunlaşmasını daha da dərinləşdirmişdir. Əmtəə və xidmətlər bazarında yüksək rəqabət şəraitində mövcud olan beynəlxalq vəziyyət istənilən ölkənin ciddi çağırışlarla üzləşməsini qaçılmaz etməkdədir.
Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, inkişaf etmiş ölkələrdə 2008-ci ilin ikinci yarısında başlayan və sonradan bütün, o cümlədən inkişaf etməkdə olan ölkələri bürüyən iqtisadi böhranın aktiv fazası başa çatsa da, hələ ki, tam dayanmamışdır. Dünya Bankının qiymətləndirməsinə əsasən, qlobal maliyyə böhranının nəticələri çox ağır olmuşdur. Belə ki, 2009-cu ildə dünya üzrə ümumi daxili məhsul istehsalı 2,2 faiz aşağı düşmüşdür. Bu göstərici inkişaf etmiş ölkələrdə daha böyük - 3,3 faiz həddində olmuşdur.
Dünya iqtisadiyyatında davam edən böhrana baxmayaraq, ölkəmizin iqtisadiyyatı, o cümlədən onun tərkib hissəsi olan muxtar respublika iqtisadiyyatı qlobal maliyyə-iqtisadi resessiyasına qarşı dayanıqlılıq nümayiş etdirməklə yüksək iqtisadi və sosial nəticələri təmin edir. Belə bir dayanıqlılığın əsasında isə ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş inkişaf strategiyası üzrə həyata keçirilən tarazlaşdırılmış sosial-iqtisadi siyasət dayanır.
Rabil Kətanov
АzərТAc-ın müxbiri