SƏNƏDLİ FİLM BELÇİKADA QALMAQALA SƏBƏB OLMUŞDUR
“Bəyaz kral, qırmızı kauçuk, qara ölüm” adlanan filmdə Mərkəzi Afrikanı “kauçuk yığımı ilə məşğul olan və milyonlarla insanın həyatına son qoyan nəhəng əmək düşərgəsinə çevirmiş” İkinci Leopold qəddar müstəmləkəçi kimi təqdim edilmişdir.
Sənədli film hakim sülalə tərəfindən “tarixi səhvlərlə dolu olan və təkcə adı çəkilən kralı deyil, bütünlükdə, Belçikanı hörmətdən salan biabırçı məhsul” kimi dəyərləndirilir.
Halbuki bir çox tədqiqatçıların monoqrafiyalarında İkinci Leopold onun hakimiyyəti dövründə Konqonun 10 milyondan yuxarı sakininin həlak olmasında günahlandırılır. (İkinci Leopoldun 1881-ci ildə öz müstəmləkəsi elan etdiyi Konqo 1960-cı ildə müstəqillik qazanmışdır.)
Filmin müəllifləri də, öz növbəsində, israr edirlər ki, İkinci Leopoldun bəşəriyyətə qarşı cinayətlərinə görə müttəhim kimi təqdim olunduğu filmi tarixi faktlar və şahidlərin dəlil-sübutları əsasında çəkiblər.