Şərəf Malkoç: Şuşada bərpa-quruculuq işləri sürətlə həyata keçirilir
Bakı, 24 may, AZƏRTAC
Vətən müharibəsi davam edərkən Azərbaycana gələrək insan haqları pozulmalarının hesabatını aparmışdıq. 2021-ci ilin sentyabrında təkrar gələrək Şuşada, Ağdamda, Füzulidə ermənilərin saxtalaşdırdıqları tarixi əsərləri, dağıtdıqları mədəni irsi təsbit etdik və minalı bölgələrin hesabatını yenidən apardıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç deyib.
“Füzuli Hava Limanının fəaliyyətə başlaması nəqliyyat baxımından böyük bir asanlıq yaradır. Şuşadakı bərpa-quruculuq işləri sürətli şəkildə həyata keçirilir. Ən önəmlisi isə Şuşada insanların üzlərində təbəssüm var. İşğaldan qurtulmanın rahatlığı, xoşbəxtliyi, sevinci bütün Azərbaycanda olduğu kimi, Şuşada da hiss edilir. Allah heç kimi vətənsiz etməsin. Təbii ki, azad edilən bölgələrdə görüləcək işlər çoxdur. Çünki Şuşada doğulub-böyüyənlərin əhəmiyyətli hissəsi buradan sürgün edilib, qaçqın vəziyyətində idilər. Yenidən əvvəlki həyatlarına qayıtmaları üçün binaların bərpası, şəhərlərin yenilənməsi, minaların təmizlənməsi lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bunu edəcəyinə inanırıq. Şuşanın qurtuluşu, hazırkı işlər, bunu göstərir”, - deyə Şərəf Malkoç qeyd edib.