SERGEY LAVROV: “RUSİYA ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİNƏ ARDICIL SURƏTDƏ VƏ TAMAMİLƏ ƏMƏL EDİR”
S.Lavrov danışıqlardan sonra keçirilən brifinqdə jurnalistlərə bildirdi ki, Azərbaycanın və Rusiyanın xarici siyasət idarələri başçılarının görüşündə, sonra isə geniş tərkibdə görüşdə ikitərəfli münasibətlərə, regionda əməkdaşlığın inkişaf etdirilməsinə, o cümlədən Xəzərdə əməkdaşlığa, Dağlıq Qarabağ münaqişəsinin və Qafqazdakı digər münaqişələrin həllinə, ölkələrimizin beynəlxalq aləmdə əməkdaşlığına və Avropada təhlükəsizliyin möhkəmlənməsinə dair məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı, habelə beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının yayılmaması məsələləri müzakirə olundu. O, danışıqların yekunlarından məmnun qaldığını söyləyərək vurğuladı ki, xarici işlər naziri kimi E.Məmmədyarovun Moskvaya səfəri Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin əvvəllərində Rusiyaya rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalara müvafiq surətdə inkişaf etdiyi bir vaxtda həyata keçirilir. S.Lavrov həmçinin dedi ki, azərbaycanlı həmkarı ilə danışıqlarda bir sıra konkret məsələlərə dair razılaşmalar əldə edildi və bütün bunlar qarşılıqlı fəaliyyətimizi artırmağa, Azərbaycan və Rusiya xalqlarını yaxınlaşdırmağa imkan verməlidir.
Elmar Məmmədyarov isə bildirdi ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətləri bərabərhüquqlu müstəqil dövlətlərin strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndirir. Onun sözlərinə görə, rusiyalı həmkarı ilə müzakirə edilən məsələlər hər iki dövlət üçün maraq doğurur. Azərbaycanın xarici siyasət idarəsinin başçısı dedi: “Hesab edirik ki, siyasi cəhətdən sabit, iqtisadi baxımdan güclü Azərbaycan regionun bütün dövlətlərinin mənafelərinə uyğundur və bununla əlaqədar siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq bizə qarşılıqlı münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmağa imkan verir”.
S.Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair danışıqların yekunlarını şərh edərək bildirdi ki, Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədri kimi, həm də Rusiya dövləti olaraq müstəqil surətdə nizamasalma prosesinin sürətləndirilməsində maraqlıdır və bu prosesə hər vasitə ilə kömək göstərməyə hazırdır. Rusiya naziri dedi: “Lakin bu problemi tərəflərin əvəzinə heç kim həll edə bilməz. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsasını məhz bu cür prinsip təşkil edir. Onlar tərəflərə ünsiyyətdə olmağa, hər hansı elementlər və ümumi razılaşmalar tapmağa kömək göstərirlər. Biz tərəfləri belə əlaqələri davam etdirməyə ruhlandırırıq”.
S.Lavrov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisində, Dağlıq Qarabağda bu yaxınlarda komanda-qərargah təlimləri deyilən manevr keçirməsinə, habelə yerli hakimiyyət orqanlarına “seçkilər”ə Rusiyanın necə baxdığı barədə AZƏRTAC-ın müxbirinin sualına cavab verərək dedi ki, Rusiya ərazi bütövlüyü prinsipini həmişə ardıcıl surətdə və tamamilə dəstəkləmişdir və dəstəkləyir. Verdiyiniz sual Dağlıq Qarabağ münaqişəsinin həllinə aiddir, bu sahədə isə həm ATƏT-in Minsk qrupunun həmsədri kimi, həm Rusiya Federasiyası olaraq, həm də Azərbaycanın da, Ermənistanın da dostu və tərəfdaşı kimi Rusiyanın mövqeyi münaqişənin nizama salınmasına kömək etməkdən ibarətdir.
E.Məmmədyarov Rusiya jurnalistlərinin suallarına cavab verərək bildirdi ki, “müxtəlif dövlətlərlə hərbi-texniki sahədə əməkdaşlıq məsələsində Azərbaycan tərəfinin mövqeyi ancaq ölkənin milli mənafeləri əsasında, onun milli təhlükəsizliyinin təmin olunması məsələləri nəzərə alınaraq müəyyən edilir. Hesab edirik ki, müəyyən beynəlxalq strukturlarla əməkdaşlığımız istər iqtisadi sahədə, istərsə də ordu quruculuğu sahəsində müvafiq islahatlar aparmağa imkan verəcəkdir. Biz xarici dövlətlərlə əməkdaşlığımızı bu mövqedən çıxış edərək həyata keçiririk”.
Hər iki nazir Xəzər məsələsinə dair danışıqlar prosesinin davam etdirilməsinə də tərəfdar olduğunu bildirdi.