Sergey Markov: Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun keçirilir
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisə keçirilən seçkiləri müşahidə etmək üçün ölkəmizdə olan Rusiya nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, parlament seçkilərinin 125 seçki dairəsi üzrə 5547 məntəqədə keçirildiyini bildirən YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov məntəqələrdə 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb. Hər dairəyə orta hesabla altıdan çox namizəd düşür. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd var. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edir.
Əli Əhmədov deyib ki, Azərbaycanda demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu yolunda güclü qanunvericilik bazası mövcuddur. Qərbin bəzi dairələrinin gözü ölkəmizin sürətli inkişafını götürmür və onlar qarayaxma kampaniyası ilə Azərbaycanda demokratiyanın inkişafına kölgə salmağa can atırlar. Ancaq Azərbaycan vətəndaşları demokratik dəyərlərin mahiyyətini gözəl anlayır və onu üstün tuturlar.
Rusiya Federasiyasının İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov parlament seçkilərində heç bir qanun pozuntusuna yol verilmədiyini və səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Qərbin bəzi dairələrinin ikili standartlara əsaslanan mövqeyi yolverilməzdir. Onlar bu ikili standartlarla bir müddət əvvəl Rusiyaya qarşı çıxmışdılar. Azərbaycan güclü demokratik dəyərlərə sahib ölkələrdən biridir. Ölkələrimiz arasındakı sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur.
Sonra Əli Əhmədov Rusiya nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.