SƏRHƏD QOŞUNLARININ 85 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general–leytenant Elçin Quliyev məruzə ilə çıxış edərək, 1919-cu ilin 18 avqustunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd xidmətinin yaranmasından, müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının tarixindən, keçdiyi inkişaf yolundan danışmışdır. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızın hüdudlarının möhkəmləndirilməsinə və keçmiş SSRİ-nin Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin rəhbər vəzifələrə çəkilməsinə xüsusi diqqət yetirdiyini xatırlatmışdır. Bütün bunlar, ağır şəraitdə əldə edilən müstəqilliyin ilk illərində sərhədlərimizin layiqincə qorunmasında həmin kadrların köməyə gəlməsi ümummilli liderimizin siyasi uzaqgörənliyinin bariz nümunəsi idi. General vurğulamışdır ki, hazırda Azərbaycan Respublikasının sərhədləri müasir tələblərə cavab verən, hər cür texnika ilə təchiz olunmuş sərhəd gözətçi gəmiləri dəstəsini, əlahiddə avia-dəstəni və onlarca sərhəd dəstələri və zastavaları birləşdirən Sərhəd Qoşunları tərəfindən layiqincə qorunur.
General–leytenant Elçin Quliyev DSX-yə və Sərhəd Qoşunlarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin daim xüsusi diqqət yetirdiyini, Sərhəd Qoşunlarının maddi-texniki bazasının yeniləşməsi, sərhəd zastavalarının müasir tələblərə uyğun təmin olunması üçün lazımi tədbirlər görüldüyünü bildirmişdir. Komandan əmin etmişdir ki, Azərbaycanın dövlət sərhədləri bundan sonra da etibarlı şəkildə qorunacaq, Sərhəd Qoşunları onlara tapşırılmış müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklər.
Azərbaycan Prezidentinin köməkçisi, general-mayor Vahid Əliyev mərasimdə çıxış edərək, sərhədçiləri əlamətdar yubiley münasibətilə təbrik etmişdir.
Tədbirin sonunda xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə Sərhəd Qoşunlarının onlarca zabiti Azərbaycan Respublikasının Prezidenti adından “Sərhəddə fərqlənməyə görə” medalı və fəxri diplomlarla təltif olunmuşdur.