Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib hissəsidir
Bakı, 20 avqust, AZƏRTAC
Artıq ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitetin səviyyəsinin öyrənilməsidir. Həmçinin son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı bu testlər vasitəsilə müəyyənləşəcək. İnsanlarda virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Seroloji testlərin keçirilməsinin pandemiya ilə mübarizə strategiyasının vacib hissəsi olduğunu bildirən Sədaqət Vəliyeva deyib: “Təsadüfi deyil ki, əhalinin sağlamlığına birbaşa xidmət edən bu fəaliyyət ilk gündən əhali arasında razılıqla qarşılanır və onlar könüllü olaraq həmin testlərin aparılmasında iştirak edirlər. Ümumiyyətlə, Azərbaycanda testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng edilir, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndərilir. Müayinə üçün venadan cəmi 3-5 milliqram qan nümunəsinin alınması kifayətdir. Götürülmüş qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılır. Mütəxəssislər analizlərin nəticələrini təhlil edir, yekun nəticələr barədə ictimaiyyətə məlumat verilir. Aparılan testlər ödənişsizdir və analiz verən hər bir könüllü testin nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər. İlkin mərhələdə tədqiqatlar Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə həyata keçirilir”.
Sədaqət Vəliyeva vurğulayıb ki, müxtəlif ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb: “Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə də seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib. Bu cür testlər insan viruslara yoluxduqdan sonra bədəndə yaranan qoruyucu zülalların - anticisimlərin müəyyənləşdirilməsinə kömək edir. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti də ola bilər. Ona görə də seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Vətəndaşlar həm də hazırda öz durumları barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar. Buna görə də müraciət edilən hər bir şəxs özü bu tədqiqatda iştirak etməkdə maraqlı olmalıdır”.
Deputat əlavə edib ki, vətəndaşlar sosial şəbəkələr vasitəsilə yayılan şayiələrə inanmasınlar və özlərinin, yaxınlarının, ümumilikdə cəmiyyətimizin sağlamlığının qorunması üçün seroloji testlərdə həvəslə, könüllü şəkildə iştirak etsinlər.