Şərq filologiyasının aktual problemləri - beynəlxalq konfrans
Bakı, 21 may, AZƏRTAC
Daşkənd Oriental Universitetində “Şərq filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirin proqramı Şərq filologiyasının müxtəlif istiqamətlərini, klassik mətnlərin tədqiqini, tarixi dillərin öyrənilməsini və mədəni-fəlsəfi irsin müasir elmi yanaşmalar əsasında araşdırılmasını əhatə edib. Elmi konfransda Özbəkistan, Türkiyə, İran, Koreya, Yaponiya və Misirdən alimlər və tədqiqatçılar iştirak ediblər. Konfransda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub, türk xalqlarının ortaq ədəbi-mədəni irsinin elmi müstəvidə təşviqi, humanitar əməkdaşlığın genişləndirilməsi və mədəni dialoqun dərinləşdirilməsi istiqamətində müzakirələrdə fəal mövqe sərgiləyib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Konfransın açılış mərasimində Mərkəzin direktoru Akif Marifli türk xalqları arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə tədbirlər yalnız filoloji tədqiqatların inkişafına deyil, eyni zamanda, türk xalqlarının ortaq mədəni irsinin qorunmasına, sistemli şəkildə öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, cari il Türk dünyasının mədəni və elmi həyatı baxımından əlamətdar dövrlərdən biri kimi səciyyələnir. Xüsusilə Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə keçirilən tədbirlər Şərq fəlsəfəsi və klassik poetik ənənələrin yenidən elmi müstəviyə çıxarılmasına mühüm töhfə verib. Universitetdə Xaqani Şirvani adına Türkologiya Tədqiqatları Auditoriyasının fəaliyyətə başlaması da türkoloji araşdırmaların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Məruzədə vurğulanıb ki, türk xalqlarının ortaq mənəvi irsinin formalaşmasında Mahmud Kaşğari, Yusif Balasaqunlu, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Məhəmməd Füzuli və Abay Kunanbayev kimi görkəmli şəxsiyyətlərin rolu mühüm olub. Onların yaradıcılığı yalnız dövrünün ədəbi-estetik düşüncəsini zənginləşdirməyib, həm də türk xalqlarının ortaq dil, mədəniyyət və mənəvi dəyərlərinin qorunub saxlanılmasına mühüm təsir göstərib.
Konfrans çərçivəsində aparılan müzakirələr klassik irsin müasir elmi metodologiyalar əsasında yenidən tədqiqinin aktuallığını nümayiş etdirib, yeni elmi təşəbbüslərin formalaşdırılması üçün əlverişli platforma yaradıb. Tədbir xüsusilə gənc tədqiqatçılar üçün beynəlxalq akademik mühitdə elmi təcrübə qazanmaq, fikir mübadiləsi aparmaq və əməkdaşlıq qurmaq baxımından əhəmiyyət kəsb edib.