Şərq-Qərb avtomagistralının Gürcüstan ərazisindəki Xaşuri dairəvi yolu ilin sonunda istifadəyə veriləcək
Tbilisi, 17 iyun, AZƏRTAC
Şərq-Qərb beynəlxalq avtomagistralının Gürcüstanın Xaşuri rayonundan keçən hissəsində tikintisi işləri bu ilin sonuna başa çatdırılacaq. İlin sonunda Xaşuri dairəvi yolu istifadəyə veriləcək.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat veriblər.
Bildirilib ki, Baş Nazir Giorgi Qaxariya magistralda aparılan tikinti işləri ilə tanış olub. Hökumət başçısı avtomagistralın Gürcüstan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, beynəlxalq avtomagistralın Gürcüstan ərazisindən keçən Xaşuri hissəsi yolun ötürücülük qabiliyyətini artırmaqla yanaşı, sürətli hərəkəti də təmin edəcək.
İnşaatçılarda bunu yaxşı başa düşür və tikinti işlərinin vaxtında başa çatdırılması üçün səylə çalışırlar.
Qeyd olunub ki, avtomagistralın Xaşuri hissəsində yol 4 zolaqlı, asfalt-beton örtüklü olacaq. Yolboyu 5 tunel, 21 körpü, yeraltı keçidlər və drenaj sistemlərinin tikintisi nəzərdə tutulub.
Uzunluğu 13 kilometr olan dairəvi yolda tikinti işləri koronavirusla əlaqədar Səhiyyə Nazirliyinin tövsiyələri əsasında həyata keçirilir. Virusun inşaatçılar arasında yayılmasının qarşısının alınması üçün bütün lazımi şərait yaradılıb.
Məlumat üçün qeyd edək ki, Şərq-Qərb beynəlxalq avtomobil magistralının Gürcüstan ərazisindən keçən hissəsi Azərbaycanın “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən başlayıb, Türkiyə ilə sərhəddəki “Sarpi” sərhəd keçid məntəqəsində başa çatır.
Əgər hazırda bu məsafə avtomobillə 8 saata qət edirlərsə, tikinti işləri başa çatdıqdan sonra vaxt itkisi 2 dəfə azalacaq və sürücülər bu yolu 4-4,5 saata qət edə biləcəklər.
Yolun 2022-ci ilin iyun ayında tam istifadəyə verilməsi nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi