ELM VƏ TƏHSİL
Şərqşünas alimlər fəxri fərmanla təltif olunublar







Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin növbəti iclasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə əlaqədar bir qrup əməkdaşı bölmənin fəxri fərmanı ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin əməkdaşlarına fəxri fərmanları bölmənin akademik-katibi, akademik Nərgiz Axundova təqdim edib.
Fəxri fərmanla institutun nəşriyyat və elmi informasiya təminatı şöbəsinin müdiri Ruhəngiz Cümşüdlü, Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, İran tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Sultanəli Mirzəzadə, ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Vidadi Mustafayev, ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov və İran filologiyası şöbəsinin aparıcı elmi işçisi Zümrüd Rəhimova təltif ediliblər.