Şərqşünaslıq fakültəsində fəaliyyət göstərən ibri şöbəsinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində fəaliyyət göstərən ibri şöbəsinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl İsrail şəhərlərinin fotoşəkillərindən ibarət sərgi açılmışdır.
Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov Şərqşünaslıq fakültəsinin ibri şöbəsinin fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, 1993-cü ildə açılmış bu şöbəyə əvvəlcə 3 ildən bir, 2003-cü ildən başlayaraq isə hər il tələbə qəbulu aparılır. Burada 1997-ci ildən magistr hazırlığına başlanılmışdır. İndiyədək bakalavr pilləsini 67, magistraturanı isə 13 nəfər bitirmişdir. Hazırda ibri şöbəsində 32 tələbə və 2 magistrant təhsil alır. Bu şöbədə ibri dili və ədəbiyyatı ilə yanaşı İsrailin tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, siyasi sistemi və s. tədris olunur.
Diqqətə çatdırılmışdır ki, bu dili tədris edən müəllimlər, o cümlədən tələbələr BDU ilə Hayfa, Yerusəlim və Təl-Əviv Universitetləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, davamlı olaraq yay kurslarında iştirak edirlər. İbri dili məzunlarından 2 nəfər Fransada, 3 nəfər Türkiyədə magistraturaya daxil olmuş, 4 nəfər AMEA institutlarının dissertantıdır.
BDU-nun rektoru ibri şöbəsi yarandığı dövrdən onun İsrailin ölkəmizdəki səfirliyi ilə sıx əlaqələr qurduğunu, səfirlik tərəfindən fakültənin kitabxanasına mindən çox kitab və dərsliklər hədiyyə edildiyini, müxtəlif görüş və müsabiqələr keçirildiyini də qeyd etmiş və İsrailin ölkəmizdəki səfir Rafael Harpasa təşəkkürünü bildirmişdir.
Səfir Rafael Harpas Azərbaycan və İsrail arasında əməkdaşlığın inkişaf etdiyindən danışmışdır. O, BDU-nun şərqşünaslıq fakültəsində fəaliyyət göstərən ibri şöbəsi ilə səfirlik arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyini deyərək, sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirmişdir.
Sonra ibri şöbəsinin tələbələrin hazırladığı “Yəhudi toyu” səhnəciyi, “Yeruşalayim şel kalav” və ibri dilinə tərcümə edilmiş “Azərbaycan” mahnısı ifa edilmişdir.