Şərqşünaslıq İnstitutunda hazırlanan kitab Türkiyədə çap olunub
Bakı, 5 iyul, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda hazırlanan “60-lardan günümüzə Azərbaycan hekayəsi” kitabı Türkiyədə çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Ankarada “Bengü” nəşriyyat evində çap olunan kitabın redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, çapa hazırlayan institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Qasımlıdır.
Xüsusi layihə çərçivəsində hazırlanan kitabda Azərbaycan ədəbiyyatının son 60 ilinə aid olan 18 yazıçının, o cümlədən Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Hüseynov, Sabir Əhmədov, Yusif Səmədoğlu, Anar, Elçin, Kamal Abdulla və başqalarının hekayələri təhlil olunub. Hər bir yazıçı haqqında qısa məlumat verildikdən sonra onun hekayəsi təqdim edilir, sonra təhlilə keçilir. Hekayələrin əksəriyyəti layihə çərçivəsində türk dilinə tərcümə edilib. Layihədə Türkiyədən və Azərbaycandan professor, dosent və doktorantlar iştirak edib. Topluda Lalə Qasımlının “İsmayıl Şıxlı”dan mərdlik dərsi: “Namərd gülləsi” məqaləsi də yer alıb.