Şərurda polis veteranlarının və ictimai şura üzvlərinin iştirakı ilə birgə tədbir keçirilib
Şərur, 27 mart, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunun Oğlanqala kəndində ictimaiyyət nümayəndələrinin, polis veteranlarının və ictimai şura üzvlərinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Oğlanqala inzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev tədbirin məqsədinin sakinlərin torpaqlardan səmərəli istifadəsinə dair maarifləndirici söhbətlər aparmaqdan ibarət olduğunu deyib.
Sonra Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov bildirib ki, muxtar respublikada torpaq mülkiyyətçilərinə göstərilən dövlət dəstəyi, güzəştli şərtlərlə mineral gübrələrin və yanacaq-sürtkü materiallarının verilməsi, o cümlədən onların lizinq yolu ilə texnika və texniki avadanlıqlarla təminatı Şərur rayonunda da bu sahəyə marağı xeyli artırıb.
Diqqətə çatdırılıb ki, hər bir rayon sakini yaradılan şəraitdən səmərəli istifadə etməli, inzibati xətaya səbəb olacaq nöqsanlara yol verməməlidir.
Daha sonra polis şöbəsinin əməkdaşı Vüsal Quliyev çıxış edərək, gənclərə Naxçıvan orta ixtisas polis məktəbi və Azərbaycan Respublikası xüsusi təyinatlı Polis Akademiyasına qəbul qaydaları barədə ətraflı məlumat verib.
Tədbirdə ictimai şura üzvü Asif Hüseynov, polis veteranı Oqtay Babayev mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.