SƏUDİYYƏ ƏRƏBİSTANI AZƏRBAYCANA BUNDAN SONRA DA YARDIM GÖSTƏRƏCƏKDİR
Parlamentin sədri xalqlarımız arasındakı mədəni və dini əlaqələrdən söhbət açmış, bu əlaqələrin dövlətlərimiz arasında münasibətlərin inkişafında mühüm rol oynadığını bildirmişdir. Oqtay Əsədov iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirmiş və əlaqələrimizin genişlənməsi və möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi vurğulamışdır. O demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanmış sənədlər əlaqələrimizin inkişafına təkan vermişdir. Prezident İlham Əliyevin ötən il həyata keçirdiyi səfərlər isə münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Parlamentlərarası əlaqələrimiz də genişlənir, deputatlarımız beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.
Milli Məclisin sədri parlament dostluq qruplarının əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacağına ümidvar olduğunu söyləmişdir.
Oqtay Əsədov Azərbaycanın qaçqın və məcburi köçkünlərinə göstərdiyi humanitar yardımlara görə səfirə minnətdarlıq edərək, Səudiyyə Ərəbistanının Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək qiymətləndirmişdir.
Səfir Əli Həsən Əhməd Cəfər Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə öz adından, ölkəsinin parlament sədrinin adından təbrik etmişdir. Diplomat demişdir ki, onun ölkəsi Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bunun üçün qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti var. Səudiyyə Ərəbistanı Azərbaycana yardımlarını bundan sonra da davam etdirəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.