ELM VƏ TƏHSİL
SEVİMLİ MÜƏLLİMİN ADI ƏBƏDİLƏŞDİRİLİR
Marneuli rayonundakı Ulaşlı kənd məktəbinin müəllim və şagird kollektivi yeni dərs ilinə ikiqat sevinclə başlamışdır.
Prezident Heydər Əliyevin Gürcüstandakı Azərbaycan məktəblərinə hədiyyəsindən - I-IV siniflər üçün dərsliklərdən və dövlətimizin başçısının tapşırığı ilə Şəmkir rayon rəhbərliyinin V-X1 siniflər üçün göndərdiyi dərsliklərdən Ulaşlı məktəbinə də ayrılmışdır. Beləliklə, məktəbin dərsliklərlə təmin olunması problemi vaxtında həll edilmişdir.
İkinci şad xəbər elə bu günlərdə yayılmışdır: Gürcüstan Təhsil Nazirliyinin qərarı ilə Ulaşlı kənd məktəbinə uzun illər onun direktoru işləmiş Tanrıverdi Abdulovun adı verilmişdir.
Bununla əlaqyədar məktəbdə yığıncaq keçirildi. Tədbiri kənd məclisinin sədri Natiq Əliyev açdı və kollektivi təbrik etdi. Gürcüstan Prezidenti İcra Aparatının ərazi-idarəetmə və regional siyasət şöbəsi müdirinin müavini İmir Məmmədli, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Kvemo Kartli - Borçalı bölgəsi qubernatorunun müavini Əli Yüzbaşov, bölgənin təhsil idarəsi rəisinin müavini Kamandar İsmayılov, Marneuli rayon Ağsaqqallar Şurasının sədri Kamal Məmmədov, rayon təhsil şöbəsinin rəisi Nora Həsənova və başqaları çıxışlarında müharibə və əmək veteranı, Gürcüstanın əməkdar müəllimi olmuş Tanrıverdi Abdulovun gənc nəslin sağlam ruhda tərbiyə edilməsi sahəsində fəaliyyətindən, Ulaşlıda məktəbin məhz onun səyləri sayəsində açıldığından, bünövrəsi onun tərəfindən qoyulmuş gözəl ənənələrin bu gün də layiqincə davam etdirildiyindən danışdılar. Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Həsən İsmayılov Ulaşlı sakinlərini və məktəbin kollektivini təbrik etdi və özü ilə gətirdiyi dərslikləri kollektivə hədiyyə verdi.
Sonda Tanrıverdi müəllimin oğlu Elşad Abdulov atasının xatirəsinin əbədiləşdirildiyinə görə ailələri adından dərin təşəkkürünü bildirdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli rayonu, Ulaşlı kəndi