Seysmoloji Xidmət Mərkəzi ilə Oksford Universiteti birgə tədqiqatlara başlayıblar
Bakı, 26 aprel, AZƏRTAC
Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları - zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları - Heyl Marşall, Ben Conson və zəlzələlər və aktiv tektonika üzrə doktorant Yan Pirs Azərbaycanda səfərdədirlər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi AMEA ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində mərkəzin əməkdaşları ilə birgə tədqiqatlar aparmaqdır.
Qeyd edək ki, birgə paleoseysmoloji tədqiqatların Göyçay, İsmayıllı, Ağsu, Salyan rayonları və Şirvan şəhərinin ərazisində aparılması nəzərdə tutulub və birgə işlərə başlanılıb. Çöl şəraitində birgə aparılan işlər may ayının 21-ə qədər davam edəcək. Aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsidir.