ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN MOSKVADA GÖRÜŞLƏRİ
Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi iyunun 7-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmüşdür. Patriarxın təşəbbüsü ilə keçirilən görüşdə dini liderlər bir çox məsələlər barəsində, o cümlədən konfessiyalararası əməkdaşlığın səviyyəsi, regionda əmin-amanlığın və sabitliyin bərqərar edilməsində dini konfessiyaların rolu, terrorizm və ekstremizmlə mübarizə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması sahəsində vəziyyət, Şimali Qafqazda və dünyada vəziyyət barədə fikir mübadiləsi apardılar.
Tərəflər danışıqların nəticələrinə əsasən birgə yekun bəyannaməsi imzaladılar. Sənəddə deyilir ki, “dinlərimiz etiqad məsələlərində məcburiyyəti, təcavüzkar zorakılığın, terrorizmin və ekstremizmin hər hansı təzahürlərini qəbul etmir, dini şüarlardan və rəmzlərdən ədavətin qızışdırılması üçün istifadə olunması cəhdlərini təhqiramiz hesab edirlər”. Bəyannamədə siyasiləşdirilmiş ekstremist əhval-ruhiyyəli yalançı missionerlərin, habelə bütün dünyada dindarları bir-birindən ayıran və onların arasını vuran totalitar və pozucu məzhəblərin ölkələrimizə müdaxiləsindən narahatlıq ifadə olunmuşdur.
Sənəddə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinin və Heydər Əliyevin xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına, Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə, əzəli mənəvi ənənələrin dirçəldilmənsinə yönəldilmiş fəaliyyəti yüksək qiymətləndirilir.
Görüşdə MDB çərçivəsində dinlərarası əməkdaşlığın daimi formalarının yaradılması məsələsi ilk dəfə müzakirə edildi və bildirildi ki, bu, həm dindarların icmaları arasında münasibətlərə, həm də Birlik məkanında siyasi və sosial vəziyyətə müsbət təsir göstərərdi.
Birgə bəyannamə imzalandıqdan sonra dini liderlər brifinq keçirdilər, ikitərəfli danışıqların yekunlarından razı qaldıqlarını bildirdilər.
Əvvəlki gün, iyunun 6-da Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə patriarxın arxiyerey xidmətinin 40 illiyinə həsr olunmuş “Sobiratel russkoy serkvi” kitabının təqdimat mərasimində iştirak etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva