“Səyyah kitab” layihəsinə polislər də qoşulublar
Bakı, 21 sentyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Biləsuvar nümayəndəliyinin könüllüləri tərəfindən həyata keçirilən “Səyyah kitab” layihəsinə rayon polis şöbəsinin əməkdaşları da qoşulublar.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları layihəyə dəstək olmaq məqsədilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin kitablarını könüllülərə hədiyyə ediblər.
Layihə çərçivəsində açıq havada təşkil olunan qiraət saatlarında polis əməkdaşlarının iştirakı gənclərlə yanaşı, rayon ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.
Mərkəzin Biləsuvar nümayəndəliyinin rəhbəri Səbinə Hüseynzadə bildirib ki, təşəbbüsün məqsədi gənclər arasında kitabı sevdirmək, mütaliəni təbliğ etməkdir. Bu məqsədlə yeni kitablar alınmaqla yanaşı, bədii kitablar da ianə qismində toplanır, rayonun mərkəzində və kəndlərdə açıq havada oxu günləri təşkil olunur.