DÜNYA
Silvio Berluskoninin mirası 5 milyard avro həcmində dəyərləndirilir
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 12-də vəfat etmiş İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ölkənin ən varlı insanlarından biri idi. Ekspertlər onun 5 övladına və 16 nəvəsinə keçəcək mirası təxminən 5 milyard avro həcmində dəyərləndirir.
AZƏRTAC “Corriere della Sera” qəzetinə istinadla xəbər verir ki, mirasın əsas hissəsi 4,89 milyard avroluq “Fininvest” ailə holdinqinin payına düşür. “Mediaset” telekompaniyasının 50 faizi, “Mondadori” nəşriyyatının 53 faizi və “Mediolanum” bankı həmin holdinqə daxildir. Mərhumun beş övladının hər biri “Fininvest” holdinqinin 7,65 faizinə, Silvio Berluskoninin özü isə 61,3 faizinə sahib idi. Onun ilk nikahdan olan iki böyük övladı - Marina və Pyer Silvio holdinqdə yüksək vəzifələr tutur.
Berluskoninin biznes sahəsindən başqa bir neçə villası, sarayları və evləri də var. Onlardan ən məşhuru Milan ətrafında yerləşən və bu gün siyasətçi ilə vida mərasiminin keçiriləcəyi San-Martino villasıdır. Sabiq baş nazir Sardiniya adasında yay iqamətgahına, Milan şəhəri yaxınlığında bir neçə villaya, Romada qədim “Via Appia” yolu üzərində yerləşən evə sahibdir. Həmçinin Kann şəhərində, Bermud adalarında və Antiqua adasında daşınmaz əmlakları var. Tarixi Lezmo kommunasındakı Cernetto villası kimi bəzi tarixi obyektlər də “Fininvest” ailə holdinqinin üzərinə yazılıb.
Yuxarıda sadalanan maddi irsdən əlavə, lideri olduğu “İrəli, İtaliya” partiyası da Silvio Berluskoninin mirası sayılır. Vahid liderə bağlı olan və bir müddət sonra dağılacağı güman edilən partiya hakim koalisiyaya daxildir və Corca Meloni hökumətini dəstəkləyir. “İrəli, İtaliya” partiyasının sədr müavini Antonio Tayani hazırda baş nazirin müavini və xarici işlər naziri vəzifəsini tutur.
“Forbes” jurnalının son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə isə birinci yerə çıxıb. Jurnal onun sərvətini bazar meyarlarına əsasən 6,9 milyard avro qiymətləndirib.