“ŞİMAL-QƏRB KƏND İNKİŞAF LAYİHƏSİ” TƏQDİM EDİLMİŞDİR
Bakı, 3 mart (AZƏRTAC). Martın 2-də Qazax rayonunda “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”nin təqdimatına həsr olunmuş seminar keçirilmişdir.
Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonları icra hakimiyyəti nümayəndələrinin, həmin rayonların torpaq mülkiyyətçilərinin, kənd təsərrüfatı istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların, aqrar sahə mütəxəssislərinin iştirak etdikləri seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Baş direktoru Razim Vəliyev çıxış edərək, bu regionda qarşıdakı 5 il ərzində həyata keçiriləcək “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”ni kənd yerlərində insanların həyat səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına dövlət qayğısı kimi dəyərləndirmişdir.
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) ölkə üzrə proqram meneceri Əbdülkərim Sma təmsil etdiyi Fondun həyata keçirdiyi layihələrin əhəmiyyəti, ölkəmizlə əlaqələri, bu Fondun aqrar sektorun inkişafına yardım məqsədilə yürütdüyü siyasətdən danışmış, qarşılıqlı maraq doğuran məsələlərdən söz açmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Baş direktorunun müavini, İFAD Proqramlarının direktoru Vüqar Mehdiyev “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”ni seminar iştirakçılarına təqdim edərək, onun ayrı-ayrı komponentləri barədə məlumat vermişdir. O bildirmişdir ki, bu layihə suvarılan və dəmyə torpaqlarda 30 minədək ailənin güzəranını yaxşılaşdırmağa, ərzaq təhlükəsizliyini təmin etməyə, kənd yerlərində infrastrukturu yeniləşdirməyə, məhsul bolluğu yaratmağa, əhalinin məşğulluğunu artırmağa imkan verəcəkdir.
Seminarda Kənd Kreditləri üzrə Dövlət Agentliyinin mütəxəssisləri layihənin kənd təsərrüfatı və icma inkişafı, maliyyə-kommersiya müəssisələrinə yardım, habelə suvarma sistemlərinin bərpası və birgə idarə olunması komponentləri barədə ətraflı məlumat verdilər.
Seminarda mütəxəssislər layihənin bəzi komponentləri ilə bağlı Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonları torpaq mülkiyyətçilərini maraqlandıran suallarını cavablandırdılar.
######
