ŞİMALİ AMERİKA MƏNŞƏLİ ONURĞASIZ CANLI XƏZƏRDƏKİ BİOEHTİYATLAR ÜÇÜN TƏHLÜKƏLİDİR
AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Volqa-Don kanalı vasitəsilə Xəzərə Şimali Amerika mənşəli onurğasız canlı-Mnemiopsis leidyi düşmüşdür. Hazırda mnemiopsis o qədər artmışdır ki, onun mütləq kütləsi dənizin ümumi mütləq bioehtiyatlar kütləsini də keçmişdir. Bu canlının Xəzərdə rəqibi yoxdur. İqlim şəraiti onun yaşamasına və sürətlə artmasına əlverişli imkan yaradır. Yem bazasını zooplankton, dənizdə nəsil artırmaq üçün kürü tökən balıqların - kefalların, siyənəklərin, kilkələrin və s. kürü və sürfələri təşkil edir. Beləliklə, zooplanktonla qidalanan balıqların acından ölməsi, adıçəkilənlərin isə genofondunun itirilməsi qorxusu yaranmışdır. Digər tərəfdən, nərə cinsli balıqların və suitilərin əsas yemini təşkil edən kilkələrin və siyənəklərin məhv olması öz növbəsində nərəkimilərin və suitilərin kəskin azalmasına səbəb olacaqdır. Bu isə öz miqyasına görə bəşər tarixində görünməmiş dəhşətli ekoloji fəlakət ola bilər.
Xatırladaq ki, bu faktlar AMEA və BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasında bioloji müxtəlifliyə dair ötən il hazırladıqları Birinci milli məruzəyə də daxil edilmişdir.