Şirvanda şəhid Zeynal Zülfüqarlının xatirəsi anılıb
Şirvan, 20 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Zülfüqarlı Zeynal Alim oğlunun şəhadətə yüksəldiyi günün ildönümündə xatirəsi ehtiramla anılıb. Onun şərəfli həyat və döyüş yolu bir daha xatırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Sabirabad rayonunun Qaratoğay kəndində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. O, Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin məzunu olsa da, Vətənə sevgisi və hərbiyə olan marağı Zeynalı ordu sıralarına gətirib çıxarıb. İstedadı və idman bacarığı yüksək olan Zeynal həm də Azərbaycan Ordusunun elit bölməsi - Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olub. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. İlk döyüş yolu Murovdağ yüksəkliyindən başlayıb. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində gedən döyüşlər zamanı şücaəti ilə seçilib. Həmçinin Şuşa istiqamətində döyüş yolunun açılması üzrə xüsusi tapşırıqlarda iştirak edib. Zeynal oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb.
Zeynalın şəhadətə yüksəlməsinin 3-cü ildönümündə ailəsi ilə bərabər Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, idarə və müəssisələrin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Zeynalın məzarı ziyarət olunub, ruhuna dualar oxunaraq, şəhidlərimizin əziz xatirəsi bir daha yad edilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanan Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını vurğulayıblar.
Qeyd edək ki, Zeynal Zülfüqarlı 3-cü dərəcəli “Rəşadət” ordeni, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.