Şirvanda yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olan məzunlar mükafatlandırılıb
Şirvan, 14 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhəri üzrə yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunların valideynləri iştirak ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətini başçısı İlqar Abbasov 2022-2023-cü tədris ilini böyük uğurlarla başa vuraraq, tələbə adını qazanan bütün məzunları təbrik edib. Təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışılıb.
Qeyd edilib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur.
Bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində bu gün ümumtəhsil məktəblərini bitirən məzunlar buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər.
Diqqətə çatdırılıb ki, bu il Şirvan şəhər ümumtəhsil müəssisələrindən 296-ı məzun müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Onlardan 33-ü 500-600, 17-si isə 600-700 arası bal toplayıb.
Həmçinin vurğulanıb ki, Vətən müharibəsi şəhidi Zülfüqarlı Zeynalın həyat yoldaşı Firuzə Zülfüqarlı da yüksək balla Xəzər Universitetinə qəbul olaraq, tələbə adını qazanıb.
Çıxış edən məzunlar onlara göstərilən diqqət və etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək nəticə göstərən məzunlara Fəxri Fərman və hədiyyələr təqdim edilib.