Slovakiyada gələn həftədən “Sputnik V“ peyvəndinin tətbiqinə başlanılacaq
Bratislava, 2 iyun, AZƏRTAC
Slovakiyada hökumətdaxili böhrana səbəb olan Rusiyanın “Sputnik V“ peyvəndinin tətbiqi üçün qeydiyyat prosesinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Vladimir Lenqvarski bu barədə açıqlama verib. O bildirib ki, Aİ-də hələ rəsmi təsdiqlənməyən peyvəndi vurdurmaq istəyənlər onlayn qeydiyyatdan keçə bilərlər və ilk peyvənd iyunun 7-də tətbiq ediləcək.
Bununla da Slovakiya Macarıstanın ardınca Rusiya istehsalı peyvəndi Avropa Dərman Agentliyinin (EMA) tövsiyəsi olmadan tətbiqinə başlayan ikinci Aİ ölkəsi olur. V. Lenqvarski hələ həftələr öncə bu peyvəndin tətbiqi üçün EMA qərarını gözləməkdə israrlı olsa da, koalisiyalı hökumət daxilində aparılan danışıqlardan sonra geri çəkilib.
Qeyd edək ki, bu ilin may ayında keçmiş Baş nazir İqor Matoviç Rusiyanın “Sputnik V” peyvəndini koalisiyalı hökumətlə razılaşdırmadan sifariş etdiyinə görə sərt tənqidlərə tuş gəldi və tutduğu vəzifə ilə vidalaşmalı oldu. Ötən həftə isə hökumət bu peyvəndin tətbiqi barədə qərar qəbul edib. Qərar belə əsaslandırılıb ki, “Sputnik V“ peyvəndini seçmək imkanının yaradılması təklif olunan peyvəndlərin siyahısını artırır və daha çox insanın vaksinasiya kampaniyasında iştirakına yol açmış olur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava