“Smart Start” təcrübə proqramında fərqlənən 6 iştirakçıya “Bakcell”də iş təklif olunub
Şirkətdən AZƏRTAC-a bildirilib ki, proqramda iştirak edən 22 gənc şirkətin insan resursları, marketinq, biznes texnologiyaları, maliyyə, xidmət və məhsulun inkişafı, müəssisə resurslarının planlaşdırılması, pərakəndə satış və distribusiya və müştəri xidmətləri şöbələrində təcrübə keçiblər. Proqramın sonunda 6 nəfər ən uğurlu iştirakçıya şirkətdə iş təklif olunub.
“Bakcell”in baş icraçı direktoru Riçard Şirer deyib ki, təcrübə proqramları təhsilini yenicə başa vurmuş gənclər üçün çox önəmlidir və onların iş həyatı üçün başlanğıc nöqtəsidir. Bu, təkcə daimi işlə təmin olunan 6 nəfər üçün yox, digər 16 nəfər üçün də çox faydalı başlanğıcdır.
Qeyd edək ki, təcrübə proqramında iştirak üçün “Bakcell” şirkətinə 1500-dən çox müraciət daxil olub. Bütün seçim mərhələlərini uğurla adlayan 22 iştirakçıya biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində faydalı olacaq digər təlimlər keçirilib. Onlar iki aylıq təcrübə proqramında iştiraka görə “Bakcell”dən təqaüd də alıblar.