SOÇİDƏ RUSİYA, FRANSA VƏ ALMANİYA LİDERLƏRİ BEYNƏLXALQ XARAKTERLİ MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİNƏ GENİŞ YER VERMİŞLƏR
Kremlin mətbuat xidməti xəbər verir ki, “üçlüyün” danışıqları başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Jak Şirak və Almaniyanın federal kansleri Gerhard Şröder Çeçenistanda vəziyyət, İranın nüvə proqramı, Rusiya neftinin dünya bazarına çıxarılması, İraqda götürülmüş girovlarla bağlı Fransanın mövqeyi barədə jurnalistlərin suallarına cavab vermişlər.
Görüş iştirakçıları danışıqların yekunlarını KİV üçün şərh edərək, müzakirələrdən məmnun qaldıqlarını bildirmişlər. V.Putin demişdir ki, “üçlük” çərçivəsində əməkdaşlıq dünyada yeni böhranlı vəziyyətlərin qarşısını almağa imkan verir. G.Şröder isə bu görüşün keçirilməsi qərarını düzgün qərar adlandıraraq vurğulamışdır ki, “üçlüyün” danışıqlarında çoxlu məsələ razılaşdırılmışdır.
Üç ölkənin liderləri mətbuat nümayəndələri qaşısında çıxış edərkən beynəlxalq terrorizmlə mübarizə məsələsinə xüsusi yer ayırmışlar. Məsələn, Rusiya Prezidenti beynəlxalq terrorizmlə səmərəli mübarizə üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulamışdır. Onun sözlərinə görə, Rusiya bu təzahürlə mübarizədə dünyanın bütün ölkələri ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Rusiya Prezidenti demişdir: “Dünyada, Rusiyada və fransız tərəfdaşlarımızla bağlı baş vermiş hadisələr bu problemin bütün ölkələr üçün aktual olduğunu təsdiq edir və bu təhlükə ilə səmərəli mübarizə aparmaq üçün bütün səyləri birləşdirmək lazımdır”. V.Putin iki Rusiya təyyarəsinin qəzaya uğraması məsələsinə toxunaraq bildirmişdir ki, təyyarələrin partladılması faktdır və terrorçu təşkilatın qəzaya görə məsuliyyəti üzərinə götürməsi dağıdıcı ünsürlərin beynəlxalq terrorizmlə əlaqəsini təsdiq edir.
Fransa Prezidenti Jak Şirak İraqda 2 fransız jurnalistinin oğurlanması ilə bağlı yaranmış vəziyyəti şərh etmişdir. O demişdir ki, Fransa onların azad edilməsi üçün mümkün olan hər şeyi etməyə söz verir və ölkə rəhbərliyi bu işlə məşğuldur.
Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, beynəlxalq problemlərin müzakirəsi zamanı liderlər İraqda və Yaxın Şərqdə vəziyyətlə yanaşı, Dağlıq Qarabağ məsələsinin nizama salınması, Gürcüstanda və Dnestryanı bölgədə vəziyyətlə bağlı məsələlərə də toxunmuşlar.