“Şöhrət” ordenli neftçi
Bakı, 31 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan neft sənayesinin tanınmış simalarından olan məhrum Söhrab Salmanovun 80 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, S.Salmanov uzun illər Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə çalışmış, bu sahədə böyük əmək sərf etmiş neftçi mütəxəssislərdən biri idi.
Söhrab Salmanov Odessa Dəniz Donanması Mühəndislər İnstitutunun Bakı filialında təhsil almaqla yanaşı, gənc yaşlarından “Paris kommunası” və “Vano Strua” adına gəmi təmiri zavodunda çilingər şagirdi, çilingər və qaynaqçı kimi çalışıb. Sonrakı illərdə Azərbaycan Neft Sənayesi Nazirliyinin Gəmi təmiri zavodunda usta, sex rəisi, şöbə rəisi, baş mühəndis vəzifələrində işləmiş, əməksevərliyi, təşkilatçılıq bacarığı, bilik və təcrübəsi ilə nüfuz qazanmışdır. 1970-1980-ci illərdə respublikamızın və keçmiş İttifaqın qabaqcıl müəssisələrindən olan Gəmi təmiri zavodunun direktoru olub.
Mənalı və şərəfli həyat yolu keçən S.M.Salmanov 1980-1989-cu illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyi Baş direktorunun müavini, ARDNŞ-də idarə rəisi olub. Azərbaycan və SSRİ-dən kənarda da dünya səviyyəli neftçilər kimi tanınmış Süleyman Vəzirov, Sənan Əlizadə, Xoşbəxt Yusifzadə, Qurban Abbasovla birlikdə çalışıb. S.M.Salmanov neft sənayesi sahəsində məhsuldar fəaliyyət göstərib, ölkə əhəmiyyətli mühüm vəzifələrin həllində yaxından iştirak edib. Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov özünü yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər kimi göstərib. Neft-qaz, tikinti, digər istehsalat sahələrinin maddi-texniki təchizatının təşkili, dəniz neft donanmasının maddi-texniki bazasının gücləndirilməsi, nəqliyyat vasitələrinin istismarında səmərəliliyin artırılması və neftçilərin sosial məsələlərinin həllində onun böyük rolu olub. S.M.Salmanov yorulmaz fəaliyyəti, çalışdığı sahədə peşəkarlığı ilə daim diqqət mərkəzində olub, əməyi yüksək qiymətləndirilib, xeyli orden və medallara, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə Söhrab Məhəmməd oğlu Salmanov 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maddi-texniki təchizat, nəqliyyat və sosial inkişaf üzrə vitse-prezidenti təyin edilib. O, təqaüdə çıxanadək bu vəzifədə çalışıb. S.Salmanovun ölkə parlamentində, xarici dövlətlərdə, KİV-də təmkinli, məntiqli çıxışları, mətbuat işçiləri ilə keçirdiyi çoxsaylı görüşləri yaddaşlardadır.
Təqaüdə çıxandan sonra da “Azəri Mİ Drillinq Fluids” şirkətində baş məsləhətçi-müşavir vəzifəsində bilik və təcrübəsini daim gənc mütəxəssislərlə bölüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə Söhrab Salmanov ölkənin neft və qaz sənayesi sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
S.Salmanov bu il avqustun 27-də 80 illik yubileyinə az qalmış dünyasını dəyişib.
Zəngin təcrübəyə, yüksək təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər işçi, peşəsinin vurğunu kimi neftçilərin dərin rəğbətini qazanmış Söhrab Salmanovun əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayır.