Son illər Qəbələ rayonunda 38 subartezian quyusu qazılıb
Qəbələ, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 30 iyul tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il Qəbələ rayonunda 10 subartezian quyusunun qazılması nəzərdə tutulub. Sərəncamın icrası çərçivəsində rayonun Abrıx, Bayramkoxalı, Daşca, Hacıalılı, Mollaşıxalı, Siləyli, Sırt Yengicə, Yenikənd, Soltannuxa və Uludaş kəndlərində, ümumilikdə, 10 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb. Hazırda yeni qazılan quyularda elektrik avadanlığının və güc transformatorlarının quraşdırılması işləri görülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Yeni subartezianların istismara verilməsi nəticəsində 14 min 880 nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
İdarə rəisi bildirib ki, Prezident İlham Əliyevin son illər imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, təkcə 2013-2019-cu illər ərzində Qəbələ rayonu ərazisində 38 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 6-sı ötən il qazılıb.
Sabir Əhmədovun verdiyi məlumata görə, hazırda Qəbələ rayonu ərazisində 106 subartezian və 1 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1315 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Keçən il bu quyulardan 3 milyon kubmetrdən çox su çıxarılıb.