REGİONLAR
Son illər Şəkidə heyvan sahiblərinə 1,7 milyon manatdan çox subsidiya ödənilib
Şəki, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 14 min 787 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 17 min 376 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 737 min manatdan çox subsidiya ödənilib.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. İndiyədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 412 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayan sektor müdiri deyib: “Şübhəsiz ki, hər il rayona gətirilən az sayda damazlıq düyələr hesabına təsərrüfatlarda mövcud olan 58 min başdan çox mal-qaranın cins tərkibini qısa müddətdə yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də son vaxtlar fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə üstünlük verirlər. Süni yolla mayalandırılan heyvanların sayı ildən-ilə artır”.
Qurumun rəsmisi bildirib ki, bu ilin 9 ayında Şəki rayonunda 7097 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1068 baş çoxdur. Həmin müddətdə süni mayalanma yolu ilə alınan buzovların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 354 baş artaraq 2807 baş olub. Doqquz ayda Şəki rayonu üzrə 2199 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2478 baş cinsi yaxşılaşdırılmış buzova görə 247,8 min manat subsidiya hesablanıb.