“Star” neft emalı zavodunda bütün qurğular istismara verilib
Bakı, 29 mart, AZƏRTAC
“Star” neft emalı zavodunda (NEZ) bütün qurğular istismara verilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, martın 28-də şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri işgüzar səfər çərçivəsində Əliağa yarımadasında olub, “Petkim”, “Star” neft emalı zavodu, “SOCAR Terminalı” və SOCAR-a məxsus olan digər müəssisələrin cari vəziyyəti ilə maraqlanıb, “Star” zavodu İdarə Heyətinin toplantısında iştirak ediblər.
İclasda qeyd olunub ki, zavodun tam istismar gücünə çatdırılması ilə əlaqədar istehsalat göstəricilərində ilin əvvəlinə nisbətən mühüm irəliləyiş əldə edilib. Beş ay müddətində əsas sazlama işləri uğurla tamamlanıb, zavodun bütün qurğuları istismara verilib. “Star” NEZ yanvar ayında “SOCAR Turkey”in neft emalı-neft-kimya inteqrasiyası çərçivəsində istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxararaq Türkiyə və Azərbaycanın iqtisadiyyatına töhfələr verməyə başlayıb. NEZ ən son texnologiyalar ilə təchiz olunub. Sənaye 4.0 tələblərinə uyğun layihələndirilən zavodda rəqəmsallaşma infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər davam edir. İclasda zavodun rəhbərliyi qarşısında istismar dövründə əməliyyat effektivliyinin təşkili ilə bağlı konkret vəzifələr qoyulub və müvafiq tələblər müəyyən edilib.
SOCAR-ın “Star” neft emalı zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ ilə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan “SOCAR Terminalı” vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.