STİVEN MƏNN: HƏMSƏDRLƏR SÜLH DANIŞIQLARINA DAİR MÜZAKİRƏLƏRƏ GERÇƏKLİK ELEMENTLƏRİ GƏTİRMƏYƏ ÇALIŞIRLAR
SUAL: Cənab Mənn, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar üzrə xüsusi vasitəçi vəzifəsinə təyin edilməyinizdən 4 ay vaxt keçir. Sizin simanızda ABŞ-ın yeni həmsədri Minsk qrupuna və sülh prosesinə bir yenilik gətirdimi?
CAVAB: Məncə, özüm də daxil olmaqla vasitəçilərdən, heç bir möcüzə gözləmək lazım deyildir. Biz sülh prosesində iştirakla nizamlama yolunun tapılmasında təmsil etdiyimiz dövlətlərin güclü maraqlarını nümayiş etdiririk. Lakin əsas məqam həmişəki kimi eynidir - həll yolu tapmaq bizdən deyil, Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır.
SUAL: Bölgədən gələn son xəbərlər narahatedicidir - qondarma “Dağlıq Qarabağ Respublikası” seçkilər keçirir, işğal edilmiş Azərbaycan torpaqlarında komanda-qərargah təlimləri aparır. Buna nə cür qiymət verirsiniz?
CAVAB: Sualınıza cavabı Dövlət Departamenti artıq bəyan edibdir. Mən də, brifinqdə cənab Erelinin dediklərini təkrarlayıram - biz, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İnanmırıq ki, bu seçkilər Minsk prosesinə təsir göstərəcəkdir.
SUAL: Azərbaycanın Xarici İşlər Nazirliyi sizinlə razılaşmır. Minsk qrupu həmsədrlərinin bölgədə baş verən bəzi hadisələrə müvafiq şəkildə reaksiya verməməsindən narahatdır. Belə ki, əgər həmsədrlər qondarma seçkilər, Dağlıq Qarabağın separatçı silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə təlimlər keçirməsi və bu kimi məsələlərə qəti və açıq surətdə reaksiya verməzsə, danışıqlar prosesinin davam etdirilməsi sual altında ola bilər. Bununla razısınızmı?
CAVAB: Ən əvvəl bildirim ki, Minsk qrupunun nazirlik səviyyəsində apardığı görüşlər danışıqlar deyil, müzakirələr xarakteri daşıyır. Bu müzakirələr peşəkar diplomatlar arasında aparılan ciddi işdir. Biz, bu çərçivəni saxlamalıyıq.
Bölgədə bu və ya digər tərəfi narazı salan hadisələr həmişə baş verəcəkdir. Bu, münaqişələrin tarixindən irəli gələn bir həqiqətdir. Minsk prosesində iştirak edən bütün tərəflərin məsuliyyəti isə ondan ibarətdir ki, danışıqlardan və sülh prosesinin inkişafından diqqətimizi yayındırmayaq. Fikrimi açıqlayım - biz bunu nədən edirik? Nədən Azərbaycan və ya Ermənistan bunu edir? Tərəflər danışıqlar prosesində nəzakət xatirinə və ya hansısa normalara riayət emək xatirinə iştirak etmirlər. Hamımız milli maraqlarımıza uyğun çıxış edirik. Buna görə də, düşünürəm ki, Prezident İlham Əliyevin prosesdə iştirak etmək haqda qərarı düzgündür və Azərbaycanın milli maraqlarına əsaslanır.
SUAL: Cənab Mənn, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini hər bəyanatınızda təkrarlayırsınız. Bununla yanaşı, ABŞ indiyədək Ermənistanı təcavüzkar dövlət adlandırmayıbdır. Buna nə mane olur?
CAVAB: Mən ABŞ-ın bu uzunmüddətli mövqeyini qəti təkrarlamaq istərdim – biz Azərbaycanın ərazi bötövlüyünü dəstəkləyirik. Biz, həmçinin onu da qeyd etmişik ki, Qarabağ münaqişəsinin həlli bölgədə yaşayan bütün insanların istəyini nəzərə almalıdır. Sualınıza gəldikdə, siz Minsk qrupunun mandatının nədən ibarət olduğunu unutmamalısınız. Minsk qrupu tərəf saxlamır. Beynəlxalq ictimaiyyət münaqişəni tanıyıb, danışıqlara dəstək vermək, vasitəçi olmaq qərarına gəlibdir. Beynəlxalq ictimaiyyət Minsk qrupuna hakim missiyasını verməyibdir. Bizim beynəlxalq ictimaiyyətdən aldığımız göstəriş bundan ibarət deyildir. Edə biləcəyimiz, bacardığımız qədər işləyərək, iki tərəf arasında ümumi mövqe tapmaq, müzakirələrə gerçəklik elementləri gətirməkdir.
SUAL: Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri Dağlıq Qarabağ məsələsinə ölkənizin marağını azaltmayacaq ki?
CAVAB: Elə düşünmürəm. ABŞ-ın mövqeyi illərdən bəri, administrasiyadan administrasiyaya davamlı olaraq qalır. Noyabrdakı seçkilər münaqişənin həlli prosesində görmək istədiyimiz peşəkar diplomatiyaya təsir etməyəcəkdir.
SUAL: Xəzər hövzəsi diplomatiyası üzrə müşavir kimi, Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisində bu yaxınlarda baş verən fasilə sizi təəccübləndirdimi?
CAVAB: Açığı deyim, bir qədər təəccübləndirdi. Biz bir neçə ay idi ki, “BTC Co” şirkəti və Gürcüstan hakimiyyəti ilə müzakirələr aparırdıq. Gürcüstandakı yeni hakimiyyət rəsmilərinin layihəyə dair çoxsaylı sualları var idi. Lakin tikintinin dayandırıldığı haqda xəbər bizi təəccübləndirdi. Bu, Prezident Mixail Saakaşvilinin Vaşinqtona son səfəri zamanı geniş müzakirələrin mövzusuna çevrilmişdir. Məsələ ilə bağlı Gürcüstan hakimiyyəti və “BTC Co” da xeyli iş aparıblar. Mən məsələnin necə həll edilməsindən razıyam və bildiyiniz kimi, kəmərin Gürcüstan hissəsində tikinti tam qüvvəsi ilə bərpa edilibdir.
SUAL: Əsas ixrac boru kəməri Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilərmi?
CAVAB: Maraqlıdır, bu sualı mənə Ermənistanda da verirlər. Xeyr, oynaya bilməz. Məsələlər fərqlidir. Təbii ki, hamımız münaqişənin tezliklə həllini və bölgədə əməkdaşlığın inkişafını görmək istərdik. Lakin neft kəməri Cənubi Qafqazın siyasi yox, iqtisadi reallıqlarını əks etdirir.