SÜLEYMAN DƏMİRƏL: HEYDƏR ƏLİYEV BU DÜNYAYA MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİ QURMAQ ÜÇÜN GƏLMİŞDİ
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində ulu öndərlə bağlı xatirələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşmüşdür. Süleyman Dəmirəl demişdir:
-Biz, Anadolu xaqlı olaraq hər zaman Azərbaycana böyük sevgi ilə baxmışıq. 1945-ci ildən sonra Türkiyə ilə Sovet İttifaqının sərhədləri qapandı. Çünki Stalin 1925-1945-ci illərdə mövcud olan və bir-birinə hücum etməmək haqqında anlaşmanı ləğv etmiş, Bosfor və Dardanel boğazları, habelə Türkiyənin üç şərq vilayətinə iddia irəli sürmüşdü. Başlanan “soyuq müharibə” dövründə Moskva Türkiyə ilə hər hansı əlaqəyə, eyni zamanda Ankara da Sovet İttifaqı ilə münasibətlərə bir suç kimi baxırdı. Bir-birimizə salam vermək də imkansız idi. Lakin bu gərginlik 60-cı illərdən etibarən yumşalmağa başlamışdır. 1967-ci ildə Kosıginin Ankaraya səfərindən sonra, həmin il mən də Sovet İttifaqına səfər etdim. Təxminən 40 illik fasilədən sonra ilk dövlət adamı kimi Bakıya gəldim. Bakı məni İzmir, Adana, Urfa kimi mehriban qarşıladı.
Mən o tarixdən etibarən Heydər Əliyevi tanıyırdım. O zaman Heydər Əliyev Azərbaycana rəhbərlik etməsə də, yüksək vəzifə tuturdu. Arxivə baxsanız, onunla mənim həmin səfər zamanı fotoşəkillərimizi görə bilərsiniz. Onun bir dəyərli insan və uzaqgörən siyasi xadim kimi 70-ci illərdə Azərbaycana rəhbərliyi zamanı misilsiz xidmətlərini yaxından izləyirdim.
Sovet İttifaqının dağıldığı bir dövrdə mən də 1991-ci ilin noyabrında Türkiyənin Baş naziri oldum. Azərbaycanın dövlət müstəqilliyini tanıdıq və qarşılıqlı səfərlər başladı. O zaman Bakıda bir qarışıqlıq hökm sürürdü. Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri idi. Mən və Prezident Turqut Özal türk dünyasının önəmli şəxsiyyətlərindən olan Heydər Əliyevi Türkiyəyə dəvət etdik. Onunla Azərbaycandakı vəziyyəti müzakirə etdik. Biz istəyirdik ki, 1918-ci ildə baş verənlər, Azərbaycanın müstəqilliyini itirməsi yenidən təkrarlanmasın. Qardaş ölkənin daxili işlərinə qarışmadan, hər cür yardım göstərdik. O zamandan etibarən, bizim Heydər Əliyevlə münasibətlərimiz dostluq və qardaşlıq səviyyəsinə qalxdı. Birlikdə, əl-ələ verərək Naxçıvandakı “Ümid” körpüsünü açdıq. Mən nazirlərimlə Naxçıvan şəhərindən Sədərək məntəqəsinə gedərkən yolboyu insanların Heydər Əliyevə böyük sevgi və inamının şahidi oldum. Həmin gün ona dedim: “Sən Azərbaycana lazımsan, Bakıya getməli və ölkəni xilas etməlisən”. Bu belə də oldu. Türk dünyasının böyük oğlu öz xalqının imdadına yetişdi və onu bəlalardan qurtardı. İndi mən düşünürəm ki, Heydər Əliyev bu dünyaya müstəqil Azərbaycan dövlətini qurmaq üçün gəlmişdi.
######
