SUMQAYIT AĞSAQQALLARI ŞƏHƏRİN İCTİMAİ-SİYASİ HƏYATINDA FƏAL İŞTİRAK EDİRLƏR
Şuranın sədri Surxay Məmmədov məruzəsində bildirmişdir ki, öz sıralarında 2 mindən çox ağsaqqalı birləşdirən təşkilatda çoxlu müharibə və əmək veteranı var. Onlar Sumqayıtın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Məruzəçi şəhərdə sağlam mənəvi-psixoloji ab-havanın yaradılmasına ağsaqqalların təsirindən konkret misallar əsasında söhbət açmış, Azərbaycan Prezidentinin seçkiqabağı kampaniyasındakı yaxından iştirakını xüsusi vurğulamışdır. Ağsaqqallar yaşayış massivlərində keçirilən çoxsaylı görüşlərdə fəal iştirak etmiş, Prezident İlham Əliyevin siyasi xəttinin təbliği ilə məşğul olmuşlar. Azərbaycan seçicilərinin əksəriyyəti kimi, ağsaqqallar da bu xəttin layiqli davamçısı İlham Əliyevə səs vermişlər.
Konfrans iştirakçılarının çıxışlarında veteranların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradan, bayram günlərində onlara daim diqqət göstərən şəhər rəhbərliyinin ünvanına xoş sözlər səslənmiş, Şuranın işinin təkmilləşdirilməsinə dair bir sıra təklif və tövsiyələr verilmişdir.
Müzəffər Gülümov Sumqayıt Ağsaqqallar Şurasının sədri seçilmişdir.