Sumqayıt kimyaçıları Milli Qurtuluş Gününü qeyd etmişlər
Sumqayıt, 12 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrində, “Kimyalayihə” institutunda və anbar təsərrüfatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə 21 il bundan əvvəl xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasından danışılmışdır.
Bildirilmişdir ki, bu qayıdış xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olmuşdur. Milli Qurtuluş Günü təkcə Azərbaycan vətəndaşlarının deyil, həm də müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. İctimai münasibətlər sistemi təkmil strategiya əsasında inkişaf etməyə başlamış, iqtisadi tənəzzülə son qoyulmuşdur. Hamının eyni dərəcədə inandığı ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsası qoyulmuş, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılmışdır. Bütün bunlar isə müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirmiş və respublikanın ümumi inkişafını təmin etmişdir.
Ulu Öndərin neft-kimya sənayesinə xüsusi diqqətindən danışan natiqlər vurğulamışlar ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranmış, respublikamızın dünya miqyasında nüfuzu xeyli artmışdır.
Hazırda xalqımız Azərbaycan dövlətinin tərəqqisi, dövlətçiliyimizin qorunması, yeni-yeni iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında sabaha böyük ümid və inamla baxır.
Sumqayıt kimyaçıları Milli Qurtuluş Günündə, həmçinin paytaxtımızda yerləşən Heydər Əliyev Mərkəzini də ziyarət edəcəklər.