Sumqayıt teatrı Xocalı faciəsini “Missiya” tamaşası ilə anacaq
Sumqayıt, 24 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Milli mücadilə tariximizdə çətin və şərəfli səhifələr mövcuddur. Onlardan biri də Xocalı faciəsidir. Xalqımız heç zaman o məşum gecəni, onun vurduğu ağır zərbələri unutmadı. Nə xoş ki, Ali Baş Komandan İlham Əliyev qüdrətli Azərbaycan Ordusu ilə torpaqlarımızı əsirlikdən qurtardı. Artıq Xocalıda Azərbaycan Bayrağı dalğalanır.
AZƏRTAC xəbər verir ki, fevralın 25-də Sumqayıt Dövlət Dram Teatrı repertuarında önəmli yer tutan "Missiya" tamaşası ilə Xocalı faciəsini anacaq. Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi mistik qəhrəmanlıq dramı özündə Qarabağ savaşını və Zəfər qürurunu ehtiva edir.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rollarda Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Elay Xasıyev, Mətləb Səfərli, Məryəm Hüseynli, Habil Xanlarov, Aynur Hümbətova, Ceyhun Məhərrəmli, Rövşən Əsgərov, Rövşad İlyasov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Etibar Əmirov və Zaur Şirinov çıxış edəcəklər.