CƏMİYYƏT
Sumqayıtda ət və ət məhsullarının satışı mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Sumqayıt şəhəri, 40-cı məhəllə, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Zeynalov Elmir Mehman oğluna məxsus “Mədinəm” ət və ət məhsullarının satışı mağazasında yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Satışda olan bəzi qida məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, yararlılıq müddəti ötmüş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Bundan başqa monitorinq zamanı satışda olan məhsullardan götürülən nümunələrin nəticələrinə əsasən ətlərin istehlak üçün yararsız olduğu müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində protokol tərtib edilib, eyni zamanda markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və istehlak üçün yararsız olan ətlərin məhv edilməsinə dair qərar qəbul olunub.