SUMQAYITDA MÜƏLLİMLƏRİN ƏNƏNƏVİ AVQUST KONFRANSI KEÇİRİLMİŞDİR
Azərbaycanın dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov məruzə ilə çıxış edərək bildirmişdir ki, ötən tədris ili Sumqayıt müəllimləri və məktəbliləri üçün əlamətdar olmuşdur. 58 min məktəblinin yarısı tədris ilini “yaxşı” və “əla” qiymətlərlə başa çatdırmışdır. Bir sıra müəllimlər respublikada ən yaxşı pedaqoq kimi tanınmış, 6 nəfəri isə beynəlxalq sertifikatlar almışdır.
Konfransda çıxış edənlər orta təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün şəhər rəhbərliyinin böyük işlər gördüyünü qeyd etmişlər. Şəhərdəki 47 məktəbin hamısı təmir edilmişdir və yeni dərs ilinə hazırdır. “Sumqayıt stansiyası” yaşayış massivində yeni məktəb, eləcə də şəhərin iki məktəbində yeni tədris korpusları tikilmişdir.
Təhsil nazirinin müavini İradə Hüseynova konfransda çıxış edərək, şəhər təhsil şöbəsinin müsbət işini, eləcə də respublikanın ali təhsil məktəblərinə qəbul imtahanlarında müntəzəm surətdə yüksək göstəricilər nümayiş etdirən Sumqayıt məktəblilərinin nailiyyətlərini qeyd etmişdir. Bu il 1359 məzun tələbə adını almış, onlardan 569 nəfəri 400-dən çox, 73 abituriyent isə 600-dən yuxarı bal toplamışdır. Daha sonra İ. Hüseynova respublika hökumətinin təhsilə qayğısından danışaraq bildirmişdir ki, bu il 1-7–ci sinif şagirdlərinə, eləcə də qaçqın və məcburi köçkün məktəblilərin hamısına dərsliklər pulsuz veriləcəkdir.
Şəhər İcra Hakimiyyəti başçısı Vaqif Əliyev müəllimləri yeni dərs ili münasibətilə təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin respublikada təhsil sisteminin təşəkkülündə və inkişafında, milli kadrların hazırlanmasında misilsiz rolunu xatırlatmış, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirildiyini bildirmişdir. Konfransda 640–dan yuxarı bal toplamış məzunlara pul mükafatları, ayrı–ayrı fənlər üzrə ən yüksək göstəricilər əldə etmiş müəllimlərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.
Mədəniyyət sarayının foyesində uşaqların əl işləri və rəsmlərindən ibarət sərgi açılmış, eləcə də müəllimlərin mətbu yaradıcılıq məhsulunun nümunələri və Şəhər Təhsil Şöbəsinin nəşr etdiyi “Sabah” qəzetinin son nömrələri nümayiş olunmuşdur.